Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva hesab edir ki, yeni qaydaların əsas əhəmiyyəti məktəblərdə geyim məsələsinə vahid yanaşmanın formalaşdırılmasıdır:
"Çünki bu məsələ uzun müddət məktəb-valideyn münasibətlərində mübahisə yaradan mövzulardan biri olub. İndi isə çərçivə daha aydın müəyyənləşdirilib. Məktəbli formasının vahidliyi qorunacaq, ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməyəcək. Eyni zamanda, milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə milli geyim elementlərinin istifadəsinə imkan yaradılması da vacib detaldır. Bu, vahid forma tələbi ilə milli kimliyin nümayişini bir-birinə qarşı qoymur".
Müsahibimizin fikirincə, qaydanın qəbul edilməsi problemin tam olaraq həll etmir:
"Çünki burada əsas olan qaydanın məktəblərdə necə tətbiq olunacağıdır. Geyimlə bağlı qərarların məktəbdən məktəbə fərqli yozulması yeni narazılıqlar yarada bilər. Ona görə də Pedaqoji Şuraların qərarları konkret meyarlara əsaslanmalı, müəllim və məktəb rəhbərliyinin şəxsi münasibətinə çevrilməməlidir. Digər tərəfdən, vahid məktəbli formasının məqsədi yalnız uşaqların necə geyinməsinə nəzarət etmək olmamalıdır. Məktəb forması şagirdlər arasında sosial fərqlərin nümayişini azaltmağa və məktəb mühitində ümumi nizam yaratmağa xidmət etməlidir. Lakin bunun üçün formanın qiymətinin bütün ailələr üçün əlçatan olması da vacibdir. Əks halda, qaydanın özü sosial problem yaradacaq.
Məncə, bu qərarın ən mühüm tərəfi geyim məsələsini şəxsi yanaşmadan çıxarıb ümumi məktəb qaydasına çevirməsidir. İndi doğru yanaşma həmin qaydanın cəzalandırıcı deyil, tərbiyəedici və ədalətli şəkildə tətbiq edilməsi olmalıdır. Məktəbdə əsas diqqət uşağın təhsilinə, davranışına və şəxsiyyət kimi formalaşmasına yönəlməlidir".
Aytəkin TOFİQQIZI













