"Məktəbli formasının məqsədi intizamlı təhsil mühiti yaratmaqdır" - Pedaqoq
"Məktəbli forması ilə bağlı yeni qaydalar tətbiq olundu. Ümumiyyətlə, məktəbli formasına adi bir geyim məsələsi kimi baxmamalıyıq. Məktəb forması məktəb mədəniyyətinin və məktəbdəki ümumi qaydaların bir hissəsi hesab olunmalıdır. Ona görə də vahid məktəb formasının bu mənada müəyyən üstünlükləri var və verilən qaydalarda da bunu görmək mümkündür".
Bunu Redaktor.az-a açıqlamasında pedaqoq, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, “Valideyn Məktəbi”nin təsisçi-rəhbəri, Günəş Psixoloji Sağlamlıq Mərkəzinin icraçı direktoru Aysel Rəsulzadə bildirdi.
Onun fikrincə, yeni tətbiq olunan bu qaydalar uşaqlar, şagirdlər arasında geyim üzərindən sosial fərqlərin daha az görünməsinə kömək edə bilər:
"Uşaq səhər məktəbə gedəndə əsas diqqəti hansı markanı geyinməsinə, kimin daha bahalı və ya daha dəbli geyinməsinə deyil, öyrənməyə və ünsiyyətə yönəlməlidir. Digər tərəfdən, vacib bir məqam da odur ki, forma uşağın nə fiziki, nə də ümumilikdə ruhsal olaraq şəxsiyyətini sıxmamalıdır. Bəzən biz uşağa “sən belə geyinməlisən, çünki mən belə istəyirəm, məktəbin qaydası budur” deyib, bunları əmr formasında çatdırırıq. Uşaqlara belə mesaj verməkdənsə, qaydanın məqsədi izah edilməlidir: vahid məktəbli forması niyə tətbiq olunur?".
Müsahibimizin sözlərinə görə, şagird bilməlidir ki, məktəbin müəyyən qaydaları var:
"Necə ki, evimizin öz qaydaları var, məktəbdəki qaydalar da ümumi məktəb mühitinin nizam-intizamı üçün çox vacibdir. Digər tərəfdən, xüsusilə yeniyetmələr vahid məktəbli formasının olmasına həmişə həssas yanaşırlar. Çünki onlar artıq öz fərdiliklərini geyimləri, saç düzümləri və üslubları ilə ifadə etməyə çalışırlar. Ona görə də məktəb forması ilə bağlı qaydalar tətbiq olunarkən uşağın ləyaqətinə, rahatlığına və yaş xüsusiyyətlərinə mütləq hörmət olunmalıdır.
Mən valideynlərə deyərdim ki, bu mənada uşağın qarşısında məktəb qaydalarını daim müzakirə edib mənfi münasibət formalaşdırmaq lazım deyil. Əgər valideyn qaydanı düzgün hesab etmirsə, bunu məktəb rəhbərliyi ilə müzakirə edə bilər. Amma uşağa qaydalara əməl etməyin məsuliyyət olduğunu öyrətmək lazımdır. Burada mənim üçün çox mühüm olan bir məqam da var: məktəb formasının vahid olması uşaqların, şagirdlərin fərdiliyinin də vahid olması demək deyil. Onların düşüncələri, bacarıqları, istedadları və ümumilikdə xarakterləri ilə hər biri fərqli bir fərddir. Məqsəd vahid forma olsa belə, uşaqların şəxsiyyət kimi formalaşmasına yönəlməkdir. Məktəb rəhbərliyi də, məktəb mühiti də məhz bu fərqlilikləri inkişaf etdirməlidir. Ümumilikdə, valideyn-məktəb olaraq mövqeyimiz bundan ibarətdir ki, geyimdə vahidlik ola bilər, amma uşağın şəxsiyyətində vahidlik qətiyyən olmamalıdır. Məktəbli formasının məqsədi uşağı fərdiliyindən məhrum etmək yox, ona sağlam və intizamlı təhsil mühiti yaratmaqdır".
Xədicə BAXIŞLI













