Vahid geyim sosial fərqləri arxa plana keçirir - Müəllimdən AÇIQLAMA
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.
Yeni qaydalarla bağlı fikirlərini Redaktor.az-a bölüşən Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi ki, məktəbdə geyim forması ilə bağlı qaydaların daha aydın müəyyənləşdirilməsi ümumi nizam-intizam baxımından vacibdir:
"Məktəb elə bir mühitdir ki, burada əsas diqqət uşağın geyiminə yox, onun təhsilinə, davranışına və inkişafına yönəlməlidir. Vahid geyim formasının üstün tərəflərindən biri də şagirdlər arasında sosial fərqlərin mümkün qədər arxa planda qalmasıdır. Amma burada mənim üçün ən vacib məsələ qaydaların necə tətbiq olunacağıdır. Uşaqların və valideynlərin əvvəlcədən düzgün məlumatlandırılması, hər hansı anlaşılmazlıq yarananda məsələyə sərt deyil, izah və dialoq yolu ilə yanaşılması daha doğru olar. Düşünürəm ki, məktəb qaydaları hamı üçün eyni və aydın olmalıdır. Eyni zamanda uşağın özünü məktəbdə rahat və təhlükəsiz hiss etməsi də nəzərə alınmalıdır. Yəni məqsəd sadəcə geyimə nəzarət etmək deyil, daha nizamlı və sağlam məktəb mühiti yaratmaq olmalıdır".
NURİYYƏ













