Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır

 17:38 22.09.2026     56

Azərbaycanda məktəblilərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Yeni qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun olmayan geyimlərə icazə verilməyəcək. Milli tədbirlərdə isə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən istifadə mümkün olacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirdi ki, dövlət ümumi təhsil müəssisələrində şagird geyim forması ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsini ümumilikdə sistemli yanaşma kimi qiymətləndirmək olar:

"Məktəbli formasının əsas məqsədi yalnız vahid görünüş yaratmaq deyil, məktəbdə nizam-intizamı, aidiyyət hissini və şagirdlər arasında sosial fərqlərin mümkün qədər azaldılmasını təmin etməkdir. Burada əsas məsələ formanın necə tətbiq olunacağıdır. Geyim tələbləri bütün şagirdlər üçün aydın, əlçatan və ailələrin sosial-iqtisadi imkanlarını nəzərə alan şəkildə müəyyənləşdirilməlidir. Forma seçimi ailələr üçün əlavə və ciddi maliyyə yükünə çevrilməməlidir. Xüsusilə aztəminatlı ailələrdən olan uşaqların geyim məsələsinə görə özlərini digər şagirdlərdən fərqli hiss etməsinin qarşısı alınmalıdır.

Digər tərəfdən, yeni qaydaların tətbiqi zamanı məktəblərdə həddindən artıq inzibati yanaşmadan da qaçmaq lazımdır. Şagirdin geyiminə görə təhsil prosesindən kənarlaşdırılması və ya psixoloji təzyiqə məruz qalması düzgün yanaşma olmaz. Məktəb qaydalara əməl olunmasını təmin etməklə yanaşı, bunu maarifləndirici və pedaqoji üsullarla həyata keçirməlidir. Bu dəyişikliklərin uğuru formanın dizaynından daha çox, onun tətbiq mexanizmindən asılı olacaq. Əgər qaydalar bütün məktəblərdə eyni prinsiplərlə, sosial ədalət və şagird rahatlığı nəzərə alınmaqla tətbiq edilərsə, bu, məktəb mühitində nizamlılığın və vahid məktəb mədəniyyətinin formalaşmasına müsbət təsir göstərə bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən