Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA 

 13:29 24.09.2026     222

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunur.

Universitetlərin distant tədrisi isə paytaxtdakı sıxlığın azalmasına xeyli təsir edib. Bu aspektdən çıxış edən Azərbaycan dili və ədəbiyyat müəllimi Muradxan Hüseynov təklif edib ki, Formula 1-dən əlavə, metroda təmir bitənə qədər də universitetlər onlayn olsun.

Bəs "28 May"  - "Nizami" metro stansiyaları arasında təmir işləri bitənə qədər universitetlərin onlayn olması mümkündürmü?

Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, Formula 1 başa çatana kimi Bakı şəhərində olan ali təhsil müəssisələrində tədrisin distant olması ilə bağlı qərar qəbul olunub:

"Amma il boyu, metroda təmir işləri başa çatana qədər belə ola bilərmi, inanmıram. Çünki bu, müəyyən mənada tələbələr arasında sui-istifadə hallarına gətirib çıxara bilər və proqramın tam mənimsənilməməsi halları müşahidə oluna bilər ki, bu, bir qədər arzulanan vəziyyət yaratmaz. Ancaq hələ əvvəllər də belə bir müzakirələr var idi ki, ali təhsil müəssisələrində humanitar ixtisaslar var ki, sıxlığın qarşısını almaq məqsədi ilə onlar distant tədris olunsun".

Onun sözlərinə görə, onlayn tədrisin laboratoriya şəraitində keçirilən ixtisasaslara, mühəndislik ixtisasına, dəqiq elmlərə tətbiqi çətin olar.

"Humanitar fənlərin tədrisi distant ola bilər. Yəni bu, həm universitetlərə, həm də müəllimlərə müəyyən imkanlar yarada bilər. O baxımdan, bu sadaladığım faktorlar üzrə distant tədrisin təşkili mümkün ola bilər. Ancaq ümumilikdə bütün universitetlərin distant təhsilə keçməsi gözlənilmir və bildiyim qədərilə müzakirədə də yoxdur", - deyə müsahibimiz yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən