“Azərbaycanda distant təhsil formasına keçid həyata keçirilməlidir” - Ekspert

 17:24 24.09.2026     173

Məlum olduğu kimi, Bakıda keçirilən Formula 1 yarışları ilə əlaqədar paytaxtdakı universitetlərdə tədris müvəqqəti olaraq distant formata keçirilib.

Hazırda isə metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayanması səbəbindən universitetlərdə distant təhsilin yanvar ayına qədər davam etdirilə biləcəyi ilə bağlı iddialar səslənir.

Bəs universitetlərdə distant təhsil müddətinin yanvar ayına qədər uzadılması məqsədəuyğundurmu? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, müəyyən fövqəladə hallarda dünya təcrübəsində olduğu kimi, bizdə də distant təhsil formasına keçid həyata keçirilə bilər:

"Məsələn, pandemiya dövründə və yaxud Formula 1 ilə əlaqədar, eləcə də metronun təmiri ilə bağlı hər hansı tələbənin təhsil prosesinə və ya təhsil müddətində dərslərə vaxtında qoşula bilməməsi müəyyənləşdirilərsə və yaxud nəqliyyat infrastrukturu ilə bağlı müəyyən çətinliklər yaranarsa, təhsilin gedişatına mənfi təsir göstərəcək fəsadlar ortaya çıxarsa, o zaman, əlbəttə ki, ali təhsil müəssisələrində distant təhsilin həyata keçirilməsi, ümumiyyətlə, təhsil sistemində distant təhsilə keçid mümkün ola bilər. Bu, əlbəttə ki, fövqəladə hal kimi qiymətləndirilə bilər.

Amma mən bunu düşünürəm ki, Azərbaycanda artıq distant təhsil formasına keçid həyata keçirilməlidir. Dünyanın bir çox ölkələrində distant təhsil çox geniş yayılıb. Bu forma həm universitetə müəyyən qədər gəlir, qazanc gətirir, həm də əmək fəaliyyəti göstərən, universitetə gedib-gəlməkdə çətinlik çəkən vətəndaşlara imkan yaradır. Əgər əyani təhsil almağa imkanı yoxdursa və distant təhsil almaq arzusu varsa, bu arzunu reallaşdırmaq üçün bizdə də ali təhsil müəssisələrində distant təhsil formasına keçid həyata keçirilməlidir".

Ekspert vurğuladı ki, burada həm universitetlər qazanc əldə etmiş olacaq, həm də vətəndaşlar üçün əlavə imkan yaranacaq:

"Məsələn, sizə Türkiyənin Anadolu Universitetindən nümunə verim. Anadolu Universitetinin 3 milyona yaxın tələbəsi var. Üç milyon! Yəni bu, az bir rəqəm deyil. Türkiyənin özündə ən çox tələbəsi olan universitetdir və dünyada da tələbə sayının çoxluğu ilə diqqət çəkən ali təhsil müəssisələrindən biridir. Kifayət qədər çox filialı olan bir universitetdir. Tələbə sayının çox olması universitetin gəlirinin də yüksək olmasına müsbət təsir göstərir. Yəni hesab edirəm ki, bu istiqamətdə bizdə də ali təhsil müəssisələrində distant təhsil formasına keçid həyata keçirilməlidir. Universitetlər distant formada təhsil verməlidir.

Bu, bütün universitetlərdə olmasa belə, bu istiqamətdə, hesab edirəm ki, imkanları olan universitetlərimiz kifayət qədərdir. Ən azı bir neçə universitetdə distant təhsil forması tətbiq oluna bilər. Bəli, hazırkı mövcud vəziyyətlə əlaqədar əgər biz distant təhsilə rahat şəkildə keçə biliriksə və universitetlərimiz distant təhsili həyata keçirə bilirsə, ümumilikdə distant təhsilə keçidi həyata keçirə bilərik, deyə düşünürəm. Məsələn, xüsusilə bəzi universitetlərdə bunu etmək imkanı var".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən