Hər şagirdə görə məktəbə vəsait ayrılacaq – Deputat yeni sistemin detallarını AÇIQLADI

 18:43 24.09.2026     183

Dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2026–2027-ci tədris ilindən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək. Yeni mexanizmə əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin məbləği müəyyənləşdiriləcək və ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalları tətbiq olunacaq. Eyni zamanda, bu prinsip əsasında maliyyələşdiriləcək dövlət ümumi təhsil müəssisələrinin siyahısı və həmin məktəblərdə təhsil alanların sayı hər il müəyyən ediləcək.

Bəs adambaşına maliyyələşmə prinsipinin tətbiqi dövlət məktəblərinin fəaliyyətinə və təhsilin keyfiyyətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu mexanizm bir müddət bundan əvvəl ali məktəblərdə tətbiq olunurdu:

"İndi isə artıq ümumi təhsil müəssisələrində də bunun tətbiq olunduğunun şahidiyik. Yəni 2024-cü ildən başlayaraq dövlət büdcəsi və sair hesabına maliyyələşən məktəblərdə proses mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilir. Burada söhbət ondan gedir ki, adambaşına maliyyələşmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində, ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək. Burada həm də artım əmsalından söhbət gedir. Təbii ki, Nazirlər Kabinetinə də bu istiqamətdə tapşırıqlar verilib. Yəni hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına, habelə dövlət büdcəsindən maliyyələşdirmə prinsipləri və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiqi qaydalarının hazırlanması barədə tapşırıq verilib. Elm və Təhsil Nazirliyi də hər il dövlət təqvim ili üzrə büdcə formalaşdırılarkən bu məsələ üzərində işləməli və dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanların sayını Maliyyə Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi də bu fərmanın icrasından irəli gələn tədbirləri həyata keçirəcək və dövlət büdcəsinin vəsaiti hesabına bu mexanizmin maliyyələşdirilməsini təmin edəcək. Ümumilikdə isə biz deyə bilərik ki, bu, yeni bir yanaşmanı özündə ehtiva edir. Yəni artıq ümumi təhsil məktəbləri də adambaşına maliyyələşmə sisteminə keçir. Yeni yanaşmada baxış və yanaşma bundan ibarətdir.

Qeyd etdiyimiz kimi, burada da ana hədəf və məqsəd adambaşına maliyyələşməyə keçid və bu istiqamətdə Elm və Təhsil Nazirliyinin işləməsi, addımlar atmasıdır. Prosedurları Nazirlər Kabineti hazırlayır, mexanizmləri müəyyənləşdirir, Maliyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyi bu siyahını təqdim edir və onun əsasında maliyyələşmə həyata keçirilir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən