Bakıda metro təmiri bitənədək universitetlər onlayn ola bilər? - Professordan AÇIQLAMA

 18:20 25.09.2026     88

Hazırda paytaxtda Formula 1 yarışı keçirilir və bu səbəbdən ali təhsil müəssisələrində dərslər distant tədris olunur. Universitetlərin distant tədrisi isə paytaxtdakı sıxlığın azalmasına xeyli təsir edib.

Maraqlıdır, bəs “28 May” - “Nizami” metro stansiyaları arasında təmir işləri başa çatanadək universitetlərdə dərslərin onlayn formatda keçirilməsi mümkündürmü?

Redaktor.az-a danışan Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli hesab edir ki, hazırkı vəziyyətdə bu təklifə yalnız nəqliyyat baxımından deyil, həm də tədrisin təşkili və tələbələrin təhsil imkanlarının davamlılığı baxımından yanaşmaq lazımdır:

"Formula 1 günlərində universitetlərin distant fəaliyyətə keçməsi isə, təbii ki, şəhərdaxili hərəkətliliyin azalmasına və müəyyən dərəcədə tıxacların yüngülləşməsinə kömək edir. Bu baxımdan, metroda təmir işləri başa çatana qədər onlayn tədrisin tətbiqi müəyyən müddət üçün praktik alternativ kimi nəzərdən keçirilə bilər. Lakin mən burada bir məqamı xüsusilə vurğulamaq istərdim, distant tədris universitetdə ənənəvi əyani təhsili tam əvəz edən model kimi deyil, konkret şəraitə uyğun müvəqqəti və çevik həll kimi qiymətləndirilməlidir. Tələbələrin auditoriyalara, müəllimlə birbaşa ünsiyyətə ehtiyacı var, onların seminar və praktiki məşğələlərdə iştirakı, akademik və sosial mühitdə qarşılıqlı əlaqəsi də təhsil prosesinin mühüm hissəsidir".

Onun sözlərinə görə, sadəcə mövcud vəziyyəti, şəhərdəki nəqliyyat problemini, dərsə gecikmə hallarını və ya yollarda daha uzun saatlarla vaxt itirmə hallarını düşündükdə deyə bilərik ki, bugünkü texnoloji imkanlar onlayn tədrisin kifayət qədər səmərəli təşkilinə şərait yaradır:

"Xüsusilə nəzəri fənlər, mühazirələr, müzakirələr, təqdimatlar və müəyyən qiymətləndirmə fəaliyyətləri onlayn formatda uğurla həyata keçirilə bilər. Əsas məsələ bunun sistemli şəkildə təşkili, bütün tələbələrin texniki imkanlarının nəzərə alınması və tədrisin keyfiyyətinə nəzarətin təmin edilməsidir.

Ona görə də mənim fikrimcə, metroda təmir işləri başa çatana qədər universitetlərin tamamilə və ya hibrid şəkildə müəyyən günlərdə onlayn fəaliyyət göstərməsi məsələsi çevik şəkildə nəzərdən keçirilə bilər.

Əsas məqsəd həm şəhərdə yaranan nəqliyyat yükünü azaltmaq, həm də tələbələrin təhsil hüququnu və tədrisin keyfiyyətini qorumaqdır. Bu iki məsələ arasında düzgün balans yaradılarsa, müvəqqəti onlayn tədris həm universitetlər, həm tələbələr, həm də şəhər üçün praktik və səmərəli həllə çevrilə bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən