“Hər 2 ildən bir ödəniş edib imtahan vermək çətindir” - Sertifikatla bağlı ETİRAZ
"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.
Dəyişikliklə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikrincə, sertifikatın qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi doğru deyil:
"Çünki biz illərdir namizədlərin müvafiq müsabiqə şərtlərini ödəmələrinə baxmayaraq, onların müsabiqə mərhələsinə ya dəvət olunmamaları, yaxud dəvət olunduqları halda vakant yerlərin tutulmasında müsabiqədən keçə bilməmələri faktlarını görürük. Onlar adlarına sertifikat hətta 2 il, 3 il belə müvafiq istiqamətdə iş tapa bilmədikləri üçün artıq o sertifikatı saxlayırlar, yəni 4 il, 5 il. O nöqteyi-nəzərdən də, əlbəttə ki, bu müddətin elə 5 il olaraq saxlanılması vacib idi. Yoxsa əks halda düşünün ki, hər 2 ildən bir namizəd məcbur olacaq ki, təkrar imtahana girsin, yenidən imtahan üçün ödəniş etsin və yenidən sertifikat alıb, yenə də 2 il oturub gözləsin. Ona görə də elə də müsbət qiymətləndirmirəm bu yanaşmanı. Ya biz bu yanaşmanı tətbiq ediriksə, mütləq müsabiqə mərhələsində diqqətli olmalıyıq. Biz çalışmalıyıq ki, müsabiqə mərhələsində ən azı namizədlər vakant yerlərin tutulmasında rahat işə gedə bilsinlər. Yox, əgər bunu edə bilmiriksə, o zaman da sertifikatın müddətini 5 il olaraq saxlamalıyıq".
Həmsöhbətimiz vurğuladı ki, düzdür, bəzi sosial həssas qruplar müvafiq olaraq dövlət qulluqçusu imtahanında iştirak etməklə bağlı ödənişdən azaddırlar:
"Amma böyük əksəriyyətin axı sosial statusu yoxdur, onlar məcbur olub müəyyən ödəniş ödəyib imtahanda iştirak edirlər. Hər 2 ildən bir də onların imtahan vermələri və əlavə ödəniş etmələri onlar üçün də çətindir. O nöqteyi-nəzərdən də düşünürəm ki, elə 5 il qüvvədə saxlanılması vacib idi".
Aytəkin TOFİQQIZI













