Buraxılış imtahanlarına Azərbaycan tarixi də əlavə olunsun - TƏKLİF
Azərbaycan tarixi fənninin buraxılış imtahanlarına əlavə edilməsini təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri “AzEdu Podkast"ında danışıb.
Elmin Nuri bildirib ki, hazırda buraxılış imtahanlarında seçilən üç fən şagirdlərin müxtəlif təfəkkür istiqamətlərini ölçməyə imkan verir.
“Buraxılış üçün üç fən ona görə seçilib ki, şagirdin bütün təfəkkür süzgəcini bu üç fən göstərmək gücündədir. Bunların məzmun xətləri çox genişdir. Ana dilində oxuyub-anlama, riyaziyyatda fəzavi düşüncə kimi məzmun xətləri çox vacibdir”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, buraxılış imtahanlarının formatı gələcəkdə daha da genişləndirilə bilər. Ekspert hesab edir ki, qiymətləndirmə yalnız mövcud fənlərlə məhdudlaşmamalı, bəzi yeni yanaşmalar digər fənlərdə də tətbiq edilməlidir.
“Bunun üçün müxtəlif mütəxəssislərlə ayrıca təkliflər paketi hazırlanmalıdır. Biz bir neçə həftə əvvəl də demişdik ki, Azərbaycan tarixi fənni buraxılış imtahanlarına əlavə olunsun. Yenə də bu təklifin üzərində dayanırıq”, - Elmin Nuri deyib.
Ekspert Azərbaycan tarixinin buraxılış imtahanlarına daxil edilməsini milli kimlik və milli düşüncənin möhkəmləndirilməsi baxımından da vacib hesab edib.
“Buraxılış imtahanları gələcək üçün bir növ pasportdur. İnsanın zehni və təfəkkür göstəricisidir. Azərbaycan tarixinin məzmununda milli kimliyi, milli düşüncəni daha da gücləndirən çox mühüm məqamlar var. Ona görə də bu fən imtahanda olmalıdır. Hər şeyi ‘çətindir’ yanaşmasına sıxışdırmamalıyıq”, - o vurğulayıb.













