“Süni intellektlə bağlı uşaqlar və müəllimlər üçün köməkçi alətlər tətbiq edirik" - Nazir müavini

 18:00 26.09.2026     144

Süni intellekt dövründə əsas çağırış tələbələri mövcud işlərə hazırlayan sistemdən iş yerləri yarada bilən insanlar yetişdirən sistemə keçiddir.

Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusunda paneldə deyib.

Nazir müavini bildirib ki, süni intellektdən istifadə edən, gələcəyini, həyatını və karyerasını bu texnologiyanın imkanları üzərində quran tələbələr və vətəndaşlar yeni dövrdə uğur qazanacaqlar.

“Əsas məsələlərdən biri vətəndaşların süni intellekt alətlərindən istifadə etməsi, yaradıcı düşünməsi, zəruri bacarıq və biliklərə yiyələnməsi, eləcə də gələcəyin şirkətlərini qurmaq üçün müvafiq düşüncə tərzinə sahib olmasıdır. Düşünürəm ki, ən böyük boşluq tələbələri iş yerlərinə hazırlayan sistemdən iş yerləri yarada bilən insanlara keçidi necə təmin etməyimizdir. Süni intellekt bu baxımdan tamamilə yeni imkan yaradır. Vətəndaşları bu alətlərdən istifadə etməyə, yaradıcı düşünməyə, gələcək şirkətləri qurmaq üçün bacarıq, bilik və zəruri düşüncə tərzinə yiyələnməyə hazırlamaq üzərində işləməli olduğumuz ən böyük boşluqlardan biridir. İnsan kapitalının inkişafında həm təcili ehtiyaclara cavab verən, həm də uzunmüddətli nəticələrə hesablanan tədbirlərə diqqət yetirilir”, - deyə Həsən Həsənli qeyd edib.

Həsən Həsənli süni intellektin təhsil prosesinə inteqrasiyası istiqamətində görülən işlərə də toxunub: “Süni intellektlə bağlı uşaqlar və müəllimlər üçün köməkçi alətlər tətbiq edirik. Bir neçə gün əvvəl süni intellektin tələbələrə təqdim etdiyimiz və onların asudə vaxtlarında ev tapşırıqlarına kömək üçün istifadə etdikləri alətə necə inteqrasiya edilə biləcəyini araşdırmaq məqsədilə böyük bir razılaşma imzaladıq. Məqsədimiz bunu təhsil prosesinin idarə olunması, tədris, qiymətləndirmə və müəllimlərə dəstək sistemi ilə necə inteqrasiya edə biləcəyimizi müəyyənləşdirməkdir. Bütün bu tədbirlərlə yanaşı, insan kapitalının inkişafında fundamental istiqamətlərə investisiya qoyuluşu uzunmüddətli yanaşma tələb edir. Təbiət etibarilə bir nəslin yetişməsi və onun öyrənməsi, istədiyimiz bacarıqları mənimsəyə bilməsi üçün vaxt lazımdır. Buna görə də bu işə indidən başlamaq lazımdır”.

Vumart və Güvən reklamı Vumart Güvən