Bu ölkədə alınan bəzi diplomlar tanınmır: Azərbaycanlı tələbələrə XƏBƏRDARLIQ
İspaniyada fəaliyyət göstərən bəzi ali təhsil müəssisələri tərəfindən təqdim olunan “títulos propios” statuslu diplomlar dövlət tərəfindən tanınan rəsmi ali təhsil kvalifikasiyası statusuna malik deyil.
Bu barədə Redaktor.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, “títulos propios” statuslu diplomlar İspaniya Krallığında milli kvalifikasiyalar çərçivəsinə daxil deyil. Bu sənədlər sahiblərinə İspaniyada dövlət təhsil müəssisələrində növbəti təhsil pilləsinə qəbul, eləcə də bir sıra tənzimlənən ixtisaslar üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.
Nəticə etibarilə, şəxsin təhsilini növbəti təhsil səviyyəsində davam etdirməsi və (və ya) müvafiq ixtisas üzrə peşə fəaliyyəti ilə məşğul ola bilməsi üçün "titulo oficial" statuslu diplomlar təqdim edən dövlət lisenziyası olan və akkreditasiyadan keçmiş universitetləri seçməsi tələb olunur.













