“TəhsilPlus” kartı ilə hansı endirim və bonusları əldə etmək olar? - RƏSMİ AÇIQLAMA

 15:15 28.09.2026     164

Hazırda məktəbəqədər və ümumi təhsil müəssisələri üzrə 104 mindən, ali təhsil müəssisələri üzrə isə 11 mindən çox aktiv “TəhsilPlus” kart istifadəçisi var. 

Redaktor.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova deyib. Onun sözlərinə görə, qeyd olunan 3 təhsil səviyyəsi üzrə ümumi istifadəçi sayı 115 mindən çoxdur: “Məktəbəqədər və ümumi təhsil üzrə 13 regional təhsil idarəsindən 9-unda kartların sifarişi, çapı və paylanması tam yekunlaşıb, digər 4 idarə üzrə isə işlər yekunlaşma mərhələsindədir. Ali təhsil müəssisələri üzrə isə layihəyə 28 universitet qoşulub. Növbəti mərhələdə peşə təhsili müəssisələri və kolleclərin, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşlarının layihəyə cəlb olunması nəzərdə tutulur. Bu mərhələlərin ardıcıl şəkildə tamamlanması ilə “TəhsilPlus” kartlarının bütün təhsil işçilərini əhatə etməsi təmin ediləcək”.

Könül Abdulrəşidovanın sözlərinə görə, “TəhsilPlus” kartı təhsil işçilərinin gündəlik iş və ödəniş ehtiyacları üçün bir sıra funksiyaları özündə birləşdirir: “Kart əməkhaqqı və debet kartı kimi istifadə olunmaqla yanaşı, təhsil işçisinin çalışdığı müəssisəyə giriş-çıxış vasitəsi kimi də istifadə edilir. Bununla yanaşı, kart istifadəçiləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər”.

Kartın verdiyi imkanlar bununla bitmir: “Hazırda kart istifadəçilərinə kitab və dəftərxana ləvazimatlarının alışında və kinoteatrlarda 5 faiz, “Bravo” mağazalarında QR ödənişlər zamanı 3 faiz, yanacaqdoldurma məntəqələrində, kafe və restoranlarda, eləcə də apteklərdə 2 faiz, BakıKart QR ödənişlərində 10 faiz bonus imkanları təqdim olunur”.

Kart istifadəçiləri üçün endirimlər də olunur: “Bundan əlavə, “Referans” Tibb Mərkəzinin Bakı və Gəncə filiallarında 10 faiz endirim, Gəncədə “City Card” ödənişlərində isə 10 faiz nəqliyyat endirimi tətbiq edilir. Layihə çərçivəsində təhsil işçilərinin əməkhaqqı və gündəlik ödənişlərini, iş yerində identifikasiyasını və tərəfdaş xidmətlərindən əldə olunan üstünlükləri bir kart üzərindən istifadə edə bilməsi üçün imkan yaradılır”.

Vumart və Güvən reklamı Vumart Güvən