Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək. Belə ki, məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi ilə həyata keçiriləcək. Hər bir şagird üçün illik təhsil xərclərinin məbləği müəyyən ediləcək və təhsilin səviyyəsindən asılı olaraq artım əmsalları tətbiq olunacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, dövlət başçısının müvafiq fərmanına əsasən, məhz təhsil müəssisələrinin maliyyələşməsi adambaşı maliyyələşdirmə sisteminə keçirilir:
"Burada hər bir təhsil alan şagirdə görə həmin təhsil müəssisəsinə dövlət büdcəsindən, Maliyyə Nazirliyinin nəzarəti altında müvafiq maliyyə ayrılacaq. Bu isə o deməkdir ki, əvvəlki illərdən fərqli olaraq, konkret olaraq məktəbdə neçə şagird varsa, həmin şagirdlərin sayına uyğun olaraq məktəbə müvafiq maliyyə ayrılacaq. Bura qədər, məsələn, 500 şagirdi olan məktəbə də, 1000 şagirdi olan məktəbə də demək olar ki, eyni məbləğdə maliyyə ayrılırdısa, indi isə bu imkan təhsil müəssisələrində eyni və bərabər səviyyədə olmayacaq.
Bu, bizə üstünlük olaraq nə verir? Əlbəttə, adambaşı maliyyələşmədə konkret olaraq sinifdə iki və yaxud üç şagird var idisə və onların təhsili dövlət büdcəsi hesabına daha çox maliyyələşirdisə, təsəvvür edin ki, iki şagirdə çəkilən xərclə 25 şagirdə çəkilən xərc demək olar ki, eyni səviyyəyə çatırdı. İndi isə optimallaşma və rasionallaşmadan irəli gələrək həmin şagirdləri məsafədən təhsil prosesinə cəlb edə bilərik. Bu da daha səmərəli təhsil mühitinin formalaşmasına gətirib çıxarır. Çünki bəzi hallarda biz müşahidə edirik ki, ucqar rayonlarda, ucqar kəndlərdə vakant yerlər üzrə dərs saatlarının azlığı səbəbindən müəllimlər həmin yerə, həmin istiqamətə getmirlər. Nəticədə şagirdlər, məsələn, fizika fənnini tədris edən müəllim olmadığı üçün ya təhsildə boşluqla üzləşirlər, ya da həmin dərslər səmərəli keçirilmir. Eyni hal riyaziyyat, kimya və digər fənlər üzrə də müşahidə olunur. Belə olduğu halda şagirdlər ya dərsə getmirdilər, ya da dərsləri səmərəsiz keçirdi. Bu da, əlbəttə ki, təhsilin keyfiyyətini aşağı salırdı".
.jpg)
Onun sözlərinə görə, indi isə məhz həmin şagirdlərin bir neçə məktəbdə azlıq təşkil etdiyi hallarda onlara distant formada dərslər tətbiq olunur:
"Bununla onlar bütün fənlər üzrə həm təhsil ala bilirlər, həm də keyfiyyətli təhsil imkanına sahib olurlar. Eyni zamanda, maliyyələşmə mexanizmi tətbiq olunarkən məktəbin də müəyyən xərcləri azalmış olur. Ümumilikdə, düşünürük ki, bu qərar müsbət istiqamətdə dəyişikliklərə gətirib çıxaracaq. Büdcədə qalacaq əlavə vəsaitin isə növbəti mərhələdə müəllimlərin əməkhaqqına, məktəb infrastrukturunun yenilənməsinə və digər istiqamətlərə təsir göstərə biləcəyini düşünürük. Biz bu inkişafı qarşıdakı illər ərzində görəcəyik".
NURİYYƏ













