"Bir dəfə diplom almaq kifayət etmir" - Elm və təhsil komitəsinin üzvü
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbirdə çıxışı zamanı təhsilin bir nömrəli prioritet olduğunu deyib. Eyni zamanda dövlət başçısı hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə çatmağın mümkün olmadığını bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hazırlıqlı kadrların yetişdirilməsi yalnız ali təhsilin genişləndirilməsi ilə məhdudlaşmamalı, təhsil-əmək bazarı-biznes əlaqəsi daha da gücləndirilməlidir:
"Prezident İlham Əliyevin də vurğuladığı kimi, peşəkar və ixtisaslı kadr olmadan strateji məqsədlərə çatmaq mümkün deyil. Burada ilk növbədə əmək bazarının gələcək tələbatını əvvəlcədən müəyyənləşdirərək universitet və peşə təhsili proqramlarını buna uyğunlaşdırmaq vacibdir. Süni intellekt, kibertəhlükəsizlik, mühəndislik, enerji, logistika, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat kimi sahələrə xüsusi diqqət artırılmalıdır. Hazırda Azərbaycanda bacarıq boşluqlarının müəyyənləşdirilməsi və əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılması istiqamətində işlər aparılır".
Millət vəkilinin sözlərinə görə, ikinci mühüm istiqamət praktiki hazırlığın gücləndirilməsidir:
"Tələbə yalnız nəzəri bilik deyil, real iş mühitində təcrübə qazanmalıdır. Dual təhsil, şirkətlərdə staj proqramları və universitetlərlə biznes arasında birgə layihələr genişləndirilməlidir. Peşə təhsilində də əmək bazarına uyğun proqramların yenilənməsi və işəgötürənlərin prosesə cəlb olunması artıq əsas istiqamətlərdən biridir. Nəhayət, ömürboyu öyrənmə və yenidən ixtisaslaşma sistemi gücləndirilməlidir. Çünki müasir iqtisadiyyatda bir dəfə diplom almaq kifayət etmir; insan daim yeni texnologiyaları və bacarıqları mənimsəməlidir. Beləliklə, Azərbaycanın investisiya imkanlarını real iqtisadi nəticəyə çevirən əsas amillərdən biri məhz bilikli, çevik, innovativ düşünən və praktik bacarıqlara malik insan kapitalı olacaq".
Aytəkin TOFİQQIZI













