Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA

 22:25 29.09.2026     185

Son zamanlar müzakirə olunan mövzulardan biri də buraxılış imtahanına yeni fənnin əlavə edilməsidir. Mövzu ilə bağlı bəzi ekspertlər buraxılış imtahanlarına Azərbaycan tarixi fənninin, bəziləri isə coğrafiya fənninin əlavə edilməsini təklif edir.

Bəs ümumiyyətlə, buraxılış imtahanlarına yeni fənnin əlavə edilməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu məsələdə yekun qərarı verə biləcək qurum Dövlət İmtahan Mərkəzidir:

"Fənlərə gəldikdə isə, hər iki fənn önəmlidir, yəni hər iki fənni bilməyə ehtiyac var. Amma onların imtahana salınmasının nə dərəcədə önəmli və zəruri olması başqa məsələdir. Ümumiyyətlə, mən düşünürəm ki, imtahanlarda çoxlu fənlərin olmasına ehtiyac yoxdur".

Müsahibimiz əlavə etdi ki, universitetlərə qəbulu nisbətən asanlaşdırıb, universitetdən məzun olmağı çətinləşdirmək lazımdır:

"Əgər bu, imtahanların çətinləşməsinə gətirib çıxaracaqsa, hesab edirəm ki, tələsməməliyik və ciddi düşünməliyik. Yox, əgər ümumi prosesə öz töhfəsini verəcəksə və bizim üçün hansısa yaxşı nəticələr ortaya qoyacaqsa, o başqa məsələdir. Məsələ ondadır ki, biz ümumi biliyi qiymətləndiririk və orada da fənlərin çox olması yalnız valideynlər aspektindən deyil, uşaqlar baxımından da ciddi çətinlik yaradır. Çünki valideynlər böyük vəsait xərcləyəcəklər, uşaqlar isə daha da yüklənəcəklər. Bu, onlar üçün daha ciddi çətinlik yaradacaq. Yəni biz bunun yalnız bir aspektini yox, digər aspektlərini də ciddi şəkildə düşünməliyik".

Coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə isə hesab edir ki, mövcud imtahan qaydaları, yəni buraxılış imtahanında 3 fənn kifayət edir:

"Bunu artırmaq onsuz da hazırda gərginlik içərisində olan abituriyentlərin, şagirdlərin imtahan stresini, onların hazırlıq prosesindəki iş yükünün ağırlığını və çətinliyini daha da artıra bilər. Düşünürəm ki, bu kimi yanaşmalar, yəni coğrafiyanın əlavə edilməsi müəyyən müddətdən sonra kimya, biologiya, fizika və digər bu kimi fənlərin də artırılmasını gündəmə gətirə bilər. Belə olan halda isə bu, istənilən halda şagirdlərin gündəlik dərs yükünə təsir göstərə bilər. Biz bu qədər buraxılış imtahanlarını çətinləşdirməklə heç də yüksək ixtisaslı kadrlar və yaxud savadlı gəncliyə nail ola bilmərik. Əksinə, bu, şagirdlərdə əlavə stress, yorğunluq və yükdən başqa müsbət tərəf yaratmaz. Çünki biz onsuz da tarix, coğrafiya, fizika, kimya kimi buraxılış imtahanında olmayan fənlərlə bağlı məsələni könüllü şəkildə həll edirik. Kim hansı qrupda istəyirsə, həmin fəndən imtahana cəlb olunacaqdır".

Müəllim qeyd etdi ki, şagirdlər onsuz da gününü bölüb çatdıra bilmir:

"Yəni bugünkü vəziyyətdə uşaqlar, xüsusilə də 9-cu sinifdən sonra, çox ağır şəraitdə, gərgin qrafikdə qəbul imtahanlarına, eyni zamanda buraxılış imtahanlarına hazırlaşırlar. Bunu da əlavə etsək, daha da çətinləşəcəkdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, mövcud fənlər buraxılış imtahanları üçün kifayətdir. Əlavə fənlərə ehtiyac yoxdur".

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən