“Valideyn komitəsi müəllimin işinə müdaxilə etməməlidir” - SƏRT AÇIQLAMA
Məktəblərdə valideyn komitələrinin fəaliyyəti ilə bağlı müxtəlif fikirlər var. Bəzi valideynlər bu komitələrin məktəb-valideyn əməkdaşlığında mühüm rol oynadığını düşünür, digərləri isə onların fəaliyyətinin formal xarakter daşıdığını bildirirlər. Xüsusilə valideynlər arasında komitələrin əsas fəaliyyətinin məktəbin və sinfin müxtəlif ehtiyacları üçün pul toplamaqdan ibarət olması ilə bağlı narazılıqlar səslənir. Bəzi hallarda valideyn komitələrinin tədbirlər, təmir, sinfin ehtiyacları və digər məsələlərlə bağlı valideynlərdən mütəmadi olaraq pul topladığı iddia olunur. Bu isə komitələrin əsl funksiyasının nə olması və onların fəaliyyətinin hansı çərçivədə həyata keçirilməli olduğu barədə suallar yaradır.
Bəs valideyn komitələri hansı məqsədlə yaradılır? Onların əsas vəzifəsi məktəb-valideyn əlaqələrini gücləndirməkdir, yoxsa bu qurumlar zamanla pul yığımı mexanizminə çevrilib?
Pedaqoq, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, “Valideyn Məktəbi”nin təsisçi-rəhbəri, Günəş Psixoloji Sağlamlıq Mərkəzinin icraçı direktoru Aysel Rəsulzadə Redaktor.az-a danışarkən bildirdi ki, valideyn komitələrinin fəaliyyəti ümumi təhsil məktəblərində çox önəmlidir:
"Amma düşünürəm ki, çoxluqda buna baxış qənaətbəxş deyil. Çünki valideyn komitələrinin faydalı olub-olmaması onların adının komitə olmasından yox, ümumiyyətlə, fəaliyyətin necə təşkil olunmasından asılıdır. Məktəb yalnız müəllim və şagirddən ibarət deyil. Uşağın inkişafında, ümumiyyətlə, məktəbin inkişafında üç mühüm tərəf var: məktəb, ailə və uşaq. Valideyn komitəsi də məhz məktəblə ailə arasında sağlam əlaqənin qurulmasına xidmət etməlidir. Əgər komitə yalnız tədbirlər zamanı valideynləri toplamaq, müəyyən məsələlərdə formal razılıq almaq və ya müəyyən təşkilati işləri həyata keçirmək üçün fəaliyyət göstərirsə, demək ki, o, vəzifəsini tamamilə yerinə yetirmir və yaxud bu komitənin potensialından doğru formada istifadə olunmur".
Pedaqoq əlavə etdi ki, düzgün mühit qurulduqda valideyn komitəsi bir çox mühüm funksiyaları yerinə yetirə bilər:
"İlk öncə əsas məsələ, dediyim kimi, ünsiyyətdir. Valideynlə müəllim arasında doğru ünsiyyəti təmin etmək, valideynlərin ümumi narahatlıqlarını, təkliflərini, məktəblə bağlı fikirlərini, şikayətlərini və narahatlıqlarını daha sistemli şəkildə çatdırmaq komitənin əsas funksiyalarından biri ola bilər. Digər tərəfdən, valideynlərin məktəb həyatında iştirakıdır. Dediyim kimi, maarifləndirici görüşlərin, sosial layihələrin, kitab müzakirələrinin, hansısa işlə bağlı tanıtımların, təhlükəsizlik və uşaqların sağlamlığı ilə bağlı tədbirlərin, eyni zamanda bu gün ehtiyac duyulan psixoloji-pedaqoji görüşlərin təşkilində valideyn komitəsi çox önəmli rol oynaya bilər. Amma ümumilikdə bu rolun nə dərəcədə yerinə yetirilməsi, dediyim kimi, qənaətbəxş deyil. Bu mənada valideynlər çox yaxşı mənada məktəbə dəstək verə bilərlər.
Digər tərəfdən isə əsas məsələ şagirdin, uşağın ehtiyaclarının görünməsi və bunun fərqinə varılması, bu haqda müəllimin məlumatlandırılmasıdır. Bəzən valideyn evdə hansısa bir problemi görür, müəllim isə uşağın məktəbdəki davranışını görür. Məktəb bunu başqa cür dəyərləndirir, müəllim başqa cür, valideyn isə fərqli şəkildə qiymətləndirir. Burada çox incə bir xətt var. Valideyn komitəsi bütün bunları yerinə yetirsə də, heç vaxt müəllimin işinə müdaxilə etməməlidir, qiymətə təsir göstərməməlidir, digər uşaqları müzakirə etməməlidir və ya bir valideynin şəxsi narazılığı bütün bir sinfin problemi kimi dəyərləndirilməməlidir".
Onun fikrincə, yaxşı işləyən valideyn komitəsinin əsas göstəricisi budur ki, hər bir valideynin orada səsi eşidilsin, müəllim hər zaman dəstəkləyici tərəf kimi olsun və ən əsası, uşaq üçün həm psixoloji, həm tibbi, həm də fiziki baxımdan təhlükəsiz, rahat mühit yaradılsın:
"Həmişə deyirik ki, valideyn-məktəb münasibətində sağlam sərhədlər olmalıdır. Komitə də məhz bu sərhədlər daxilində elə bir əməkdaşlıq körpüsü qurmalıdır ki, bütün sağlam, hərtərəfli münasibətlər, təhlükəsizlik qorunub saxlanılsın. Bir sözlə, valideyn komitəsinin məqsədi məktəbi idarə etmək olmamalıdır. Çünki bir çox valideynlər komitə olduqda elə bilirlər ki, hər işə müdaxilə edə bilərlər, məktəbin müxtəlif işlərində hər zaman aktiv olmalıdırlar. Xeyr. Onların əsas işi sinifdə ümumilikdə sağlam və təhlükəsiz mühit yaratmaqdır. Yəni valideyn komitəsi məktəbin uşağın inkişafı üçün daha yaxşı işləməsinə dəstək olmalıdır".
Xədicə BAXIŞLI













