DİM-in elektron imtahan planına deputatdan dəstək: "Çox önəmlidir"

 15:09 30.09.2026     178

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, magistratura imtahanlarının elektron formada keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir. DİM qeyd edib ki, texniki, təşkilati və digər işlər tamamlandıqdan sonra magistratura imtahanlarının elektron formada keçirilməsi nəzərdə tutulur.

Elektron imtahan sisteminə keçid imtahanların şəffaflığına və obyektivliyinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd etdi ki, dünyada gedən proseslərə baxanda təhsilin sürətli formada rəqəmsallaşdığını görürük:

"Ona görə bu gün artıq bu məsələ dünyada çox geniş yayılıb və çox geniş istifadə olunan bir metoddur. Azərbaycanda da bu proses gedir. Hazırkı dövr rəqəmsallaşdırma dövrüdür və mən hesab edirəm ki, belə bir prosesə keçid təqdir olunmalıdır. Əslində, texniki imkanlar bunun üçün hər cür şərait yaradır. Yəni istər şəffaflıq, istər digər məsələlərlə bağlı hansısa bir narahatlığa da əsas yoxdur. Texnika, elmin nailiyyətləri o qədər yüksəkdir ki, bu məsələdə narahatçılığa əsas yoxdur. Bizim də bu prosesə keçidimiz, bu prosesdə irəliləməyimiz çox önəmlidir, çünki qeyd etdiyim kimi, bütün dünya buna gedir".

Millət vəkili şəffaflıq və obyektivlik məsələsinə də toxundu:

"Şəffaflıq, obyektivlik məsələsinə gəldikdə isə hesab edirəm ki, bu gün Dövlət İmtahan Mərkəzi öz işini kifayət qədər şəffaf, obyektiv qurub və bu qurum fəaliyyəti cəmiyyətdə də şəffaf bir qurum kimi qəbul edilir. Ona görə burada heç düşünmürəm ki, hansısa bir narahatçılıq, hansısa bir problem, hansısa bir çətinlik yaransın. Bu, əslində, normal bir prosesdir. Əksinə, prosesin şəffaflığını, prosesin obyektivliyini daha da artıracaq və bu prosesə özünün töhfəsini verməli olacaq. Bu məsələdən narahat olmağa, narahatlıq keçirməyə heç bir əsas yoxdur. Çünki qeyd etdiyim kimi, bu, normal bir prosedurdur və dünyada artıq geniş qəbul edilib, geniş yayılıb. Biz də bundan çox normal, yaxşı bir qaydada istifadə edə bilərik və bunu tətbiq edə bilərik və həyata keçirə bilərik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən