“Bütün imtahanlar elektron formada keçirilməlidir” - Ekspertdən TƏKLİF
"Bütün imtahanların elektron formada keçirilməsi tövsiyə olunandır. İmtahanda həm cavablandırmanın qısa bir müddətdə həll olunması, həm də obyektivliyin qorunması baxımından imtahanların, xüsusilə də daha çoxluq təşkil edən imtahanların elektron formada keçirilməsi tövsiyə olunandır".
Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin (DİM) magistratura imtahanlarının elektron formada keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdiyini bildirməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, çox şagirdin iştirak edəcəyi imtahandan söhbət gedirsə, əlbəttə ki, maddi-texniki baza, müəyyən elektron ləvazimatlar lazımdır:
"Magistratura imtahanları da aşağı-yuxarı hardasa bir 20 minə yaxın gəncin iştirak etdiyi bir imtahandır, ona görə düşünürəm ki, bunun da elektronlaşdırılması, rəqəmsal formada həyata keçirilməsi çox asan olan bir şey deyil. Dövlət İmtahan Mərkəzi belə bir təşəbbüsü göstərəcəksə, bu çox gözəl olar.
Çünki Dövlət İmtahan Mərkəzi ümumi olaraq imtahanların rəqəmsallaşdırılması istiqamətində müvafiq addımları atacaq. Yəqin ki, 2028-ci ilə qədər ən azından 20 min ətrafında, 20-25 min ətrafında abituriyentin, şagirdin, dinləyicinin iştirak etdiyi imtahanların rəqəmsallaşdırılması həyata keçirilə bilər. Bu, əlbəttə, çox gözəl bir təşəbbüs, yeni bir uğurdur".
Aytəkin TOFİQQIZI













