Magistratura bitirənlərə işə qəbul zamanı üstünlük veriləcək? - AÇIQLAMA
"Düşünürəm ki, magistratura imtahanının rəqəmsallaşdırmadan çox, imtahanın formatında dəyişiklik edilməsinə ehtiyacı var. Hazırda biz magistratura imtahanında bir tarixçinin girib məntiqdən, riyazi məntiqdən, sonra informatika və xarici dil biliklərindən imtahan verdiyinin şahidi oluruq və tarix elmləri doktoru olacaq şəxs öz fənni üzrə heç bir suala rast gəlmir. Bu da, əlbəttə ki, müəyyən qədər magistratura qəbul imtahanında humanitar fənn yönümlü tələbələrin müəyyən qədər çətinlik çəkdiyini ortaya qoyur və bu, onların nəticələrinə də yansıyır".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.
Onun sözlərinə görə, magistratura imtahanlarında daha çox uğur əldə edənlər informatika, riyaziyyat yönümlü tələbələrdir:
"Amma humanitar yönümlü tələbələrin nəticələri daha aşağı olur. Bu da, əlbəttə ki, müəyyən qədər bərabərsizliyin qarşısını almış olur. Əgər biz magistratura imtahanının formatında bir dəyişiklik edəriksə, hər bir ixtisas üzrə magistratura imtahanında o ixtisasa uyğun suallardan qoyarıqsa, çox yaxşı olar. Əlavə olaraq, magistraturada müəyyən düzəlişlərin də olunması mütləqdir. Xüsusilə də müəyyən vəzifələrdə, məsələn, magistratura bitirənlərə üstünlüyün verilməsi, əməkhaqqında magistraturanı bitirənlərə üstünlüyün verilməsi, əlbəttə ki, magistratura sahəsində bir canlanmanı formalaşdıracaq. Hazırda magistratura səviyyəsinə müraciət edənlərin sayı çox-çox aşağıdır. Bir ildə 50 min tələbə ali təhsil müəssisəsini bitirir. Bununla yanaşı, əvvəlki illərin məzunlarını da əgər diqqətə alarsaq, bu, görün neçə yüz minlərlə tələbə deməkdir, gənc deməkdir. Amma magistraturaya müraciət edənlərin sayı isə hardasa 20-25 min ətrafında olur. Yəni bir ilin yarısı qədər belə deyil.
Ona görə də düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır ki, magistratura sahəsində canlanma olsun. Çünki magistratura elə bir sahədir ki, alimliyə gedəcək yolun başlanğıcıdır. Əgər biz gələcəkdə universitetlərimizin genişlənməsini, böyüməsini istəyiriksə və bu universitetlərimizdə gənc kadrların formalaşmasını istəyiriksə, biz alimliyə gedən yolu bağlamamalıyıq. Alimliyə gedən yolu daha da inkişaf etdirməyə çalışmalıyıq, daha da tələbatlı hala salmağa çalışmalıyıq və gənclərin bu istiqamətdə marağını artırmalıyıq".
Aytəkin TOFİQQIZI













