Şagird məntiqi harada öyrənsin? - Məktəbdə yoxdur, imtahanda isə tələb edilir
Lisey və gimnaziyalara qəbul imtahanlarında məntiqi təfəkkürün yoxlanılması, eləcə də müxtəlif fənlərin daxilində məntiqi tapşırıqlara geniş yer verilməsi bu sahənin təhsil sistemindəki əhəmiyyətini artırıb. Lakin orta məktəblərin mövcud proqramında məntiqin ayrıca fənn kimi tədris olunmaması ilə imtahanlarda bu biliklərin geniş şəkildə tələb edilməsi arasında müəyyən uyğunsuzluq yaranır.
Bəs məntiq dərsləri orta məktəblərin tədris planına müstəqil fənn kimi daxil edilməlidirmi?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov hesab edir ki, məntiqin ayrıca fənn və ya heç olmasa xüsusi modullar şəklində tədris olunmasına ciddi əsaslar var.
Onun sözlərinə görə, ümumi təhsil sistemində şagirdlərin analitik təfəkkürünün, idraki fəaliyyətinin və rasionallığının formalaşdırılması müasir təhsil kurikulumlarının ən prioritet hədəflərindəndir.
"Son illərdə ölkəmizdə fəaliyyət göstərən nüfuzlu lisey və gimnaziyalara qəbul imtahanlarında bütöv bir blok olaraq məntiqi təfəkkürün yoxlanılması, həmçinin müxtəlif fənlərin daxilində məntiqi tapşırıqlara geniş yer verilməsi təhsil idarəçiliyində bu sahəyə olan institusional tələbatın bariz göstəricisidir. Lakin orta məktəblərin mövcud proqramında məntiqin ayrıca bir fənn kimi tədris olunmaması ilə imtahan formatında onun geniş şəkildə tələb edilməsi arasında yaranan metodoloji uyğunsuzluq fundamental pedaqoji və iqtisadi ziddiyyətlərdən xəbər verir.
Bu reallıq şagirdləri, valideynləri və bütövlükdə təhsil ictimaiyyətini ciddi bir sual qarşısında qoyur: məntiq dərsləri orta məktəblərin tədris planına müstəqil bir fənn kimi daxil edilməlidirmi? Bu suala elmi və pedaqoji prinsiplər baxımından yanaşdıqda, məntiqin ayrıca bir fənn və ya heç olmasa xüsusi modullar şəklində tədrisinə tamamilə fundamental əsaslarla haqq qazandırmaq mümkündür".
Müsahibimiz qeyd etdi ki, müasir dövrdə şagirdlərdən yalnız informasiyanı yadda saxlamaq deyil, onu təhlil etmək, səbəb-nəticə əlaqələrini qurmaq və qeyri-standart vəziyyətlərdə çevik qərarlar qəbul etmək bacarığı tələb olunur:
"Məntiq fənni riyazi, linqvistik və vizual təfəkkürü sintez edərək uşaqlarda tənqidi təfəkkür qabiliyyətini inkişaf etdirən ən effektiv elmi alətdir. Əgər dövlət öz elit təhsil müəssisələrinə seçim edərkən bu keyfiyyətləri meyar götürürsə, düşünürəm ki, o zaman mütləq həmin bilik və bacarıqların qazanılması imkanını da kütləvi şəkildə, bərabərhüquqlu qaydada bütün ümumi təhsil məktəblərində yaratmalıdır.
Məsələnin digər tərəfi isə təhsildə bərabərlik prinsipi və ailələrin üzərinə düşən əlavə sosial-iqtisadi yüklə bağlıdır. Məntiqin məktəbdə sistemli şəkildə tədris olunmaması şagirdlərin bu sahədəki boşluqları repetitor xidmətləri, özəl kurslar və ya fərdi hazırlıqlar hesabına kompensasiya etməsinə yol açır. Bu isə maddi imkanları məhdud olan ailələrin övladlarının keyfiyyətli təhsil müəssisələrinə, lisey və gimnaziyalara qəbul olmaq şansını obyektiv olaraq azaldır və təhsildə sosial təbəqələşməni stimullaşdırır.
Məntiq fənninin kurikuluma daxil edilməsi təhsil sistemini kölgə iqtisadiyyatının və repetitorluq asılılığının təzyiqindən qismən xilas edərək dövlət məktəblərinin rəqabətədavamlılığını yenidən bərpa edə bilər".

İ.Orucov hesab edir ki, məntiqin müstəqil fənn kimi tədrisi sadəcə dərs saatlarının artırılması və ya proqrama mexaniki əlavə edilməsi ilə bitməməli, ciddi kadr hazırlığı və metodoloji baza ilə dəstəklənməlidir:
"Hazırda pedaqoji universitetlərdə sırf orta məktəb məntiq müəllimi ixtisaslaşmasının olmaması bu dərslərin kimlər tərəfindən və hansı metodika ilə keçiləcəyi sualını doğurur. Rasionallıq ondan ibarətdir ki, ilk mərhələdə məntiqi təfəkkürün elementləri mövcud riyaziyyat və ana dili dərslərinin strukturuna daha dərindən inteqrasiya edilsin, yuxarı siniflərdə isə seçmə fənn statusunda ayrıca tədris olunsun.
Hesab edirəm ki, yalnız bu cür sistemli və elmi yanaşma sayəsində biz imtahan tələbləri ilə məktəb təlimi arasındakı uçurumu aradan qaldıra və əzbərçilikdən uzaq, analitik düşünən yeni azərbaycanlı nəslini yetişdirə bilərik".
Xədicə BAXIŞLI













