“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova

 14:07 02.10.2026     213

"Mən həm müəllim, həm də valideyn kimi hesab edirəm ki, məktəb bufetinə sadəcə uşaqların tənəffüsdə nəsə alıb yediyi satış yeri kimi baxmaq düzgün deyil".

Bunu Redaktor.az-a açıqlamasında Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi. O nəzərə çatdırdı ki, uşaq günün böyük hissəsini məktəbdə keçirirsə, orada ona təqdim olunan qidanın keyfiyyəti də təhsil mühiti qədər vacibdir:

"Xüsusilə şagirdlərin qida qəbulundan sonra zəhərlənməsi ilə bağlı hallar ortaya çıxırsa, bu, məsələyə daha ciddi və sistemli yanaşma tələb edir.
Dünya təcrübəsində məktəb bufetlərində əsas məqsəd uşağa həm təhlükəsiz, həm də sağlam seçim təqdim etməkdir. Məncə, bufetlərdə təmiz içməli su, süd və süd məhsulları, meyvə, uyğun şəraitdə hazırlanmış sadə sendviçlər, şəkər və duz miqdarı az olan qidalar üstünlük təşkil etməlidir. Çips, enerji içkiləri, həddindən artıq şəkərli içkilər, çox yağlı və yüksək miqdarda duz, şəkər olan məhsullar isə uşaqların gündəlik məktəb qidasına çevrilməməlidir. Burada məqsəd hər şeyi qadağan etmək deyil, uşağın qarşısına daha sağlam alternativ qoymaqdır".

Müəllimin fikrincə, ən vacib məsələ isə nəzarətdir:

"Məhsulun son istifadə tarixinə baxmaqla iş bitmir. Məhsulun haradan alındığı, hansı şəraitdə daşındığı, saxlanma temperaturu, soyuducu rejimi, bufetin gigiyenik vəziyyəti, qida ilə işləyən şəxslərin sanitariya qaydalarına əməl etməsi mütəmadi yoxlanılmalıdır. Xüsusilə tez xarab olan məhsullarda soyuq zəncirin qorunması çox önəmlidir. Məncə, məktəb rəhbərliyi də bufetdə satılan məhsulların siyahısına və təchizatına nəzarət etməli, aidiyyəti qurumların isə yalnız problem yaranandan sonra deyil, planlı və qəfil yoxlamaları olmalıdır.

Bir məsələni də unutmayaq: məktəb uşağa yalnız riyaziyyat, dil və digər fənləri öyrətmir, eyni zamanda gündəlik həyat vərdişləri formalaşdırır. Əgər biz məktəbdə uşağın qarşısına sağlam qida seçimi qoyuruqsa, əslində ona gələcək həyatı üçün də düzgün qidalanma vərdişi qazandırırıq. Ona görə məktəb bufetində təhlükəsiz və sağlam qida əlavə üstünlük deyil, minimum tələb olmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən