“Müasir universitet yeni bilik yaradan intellektual mərkəzdir” - Elçin Babayev
“Bu gün universitetin missiyası yalnız mütəxəssis hazırlamaq deyil. Müasir universitet yeni bilik yaradan, elmi tədqiqatlara və innovativ yanaşmaları dəstəkləyən intellektual mərkəzdir”.
Redaktor.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetində keçirilən “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirdi.
Onun sözlərinə görə, universitet cəmiyyətlə sıx əlaqədə olmalı, gələcəyin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etməlidir:
“Bakı Dövlət Universiteti də bu missiyanı öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Ənənə ilə yeniliyin vəhdətini təmin etmək, təhsilin keyfiyyətini və elmi tədqiqatların nəticələrini yüksəltmək, tələbələrimizi qlobal rəqabət mühitinə hazırlamaq əsas prioritetlərimizdəndir.
Müasir təhsil modelində tələbə öyrənmə prosesinin fəal iştirakçısıdır. Buna görə də təhsil proqramları əmək bazarının və cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşdırılır, tələbəyönümlü tədris metodları genişləndirilir. Ömürboyu öyrənmə imkanlarının inkişafı də bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
NURİYYƏ













