"Təhsil əlçatan deyilsə, mənası yoxdur" - Nazirdən bərabərlik MESAJI

 10:58 05.10.2026     129

“İlk növbədə onu qeyd edim ki, təhsil haqqında danışanda onun əlçatan olmasını, yəni insanların təhsil alması üçün imkanların yaradılmasını nəzərə almalıyıq. Çünki təhsil varsa, amma vətəndaşlar üçün əlçatan deyilsə, bunun əslində bir mənası yoxdur. Eyni zamanda, təhsilin keyfiyyətindən və hər bir vətəndaş üçün əlavə imkanlar yaratmasından danışılır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetində keçirilən “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda elm və təhsil naziri Emin Əmrullayev bildirdi.

Onun sözlərinə görə, onlar nazirlikdə çalışırıq ki, bu üç istiqamətdə, təhsilin əlçatan olması, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanların yaradılması istiqamətində iş aparsınlar:

“Həm bölgədə, həm paytaxtda yaşayan, müxtəlif sosial səviyyələri və qrupları təmsil edən vətəndaşlarımız üçün eyni imkanların yaradılması bizim üçün olduqca vacib və prioritet sahə olaraq qalacaq.

PISA-dan, yəni mənim çıxışımdan sonra daha ətraflı müzakirə olunacaq PISA nəticələrindən xəbəriniz var. PISA ilə bağlı məsələlər haqqında danışanda, təbii ki, yaxşı xəbər ondan ibarətdir ki, Bakı şəhərinin nəticələrinə baxdıqda, əvvəlki dövrlərlə müqayisədə nəticələrin əsaslı şəkildə yaxşılaşdığını görürük. Bu, özlüyündə bir göstəricidir. Görülən işlərin müəyyən dərəcədə, öz ölçüləri daxilində nəticəsi var. Təbii ki, bu işdə ən böyük zəhmət sahibi müəllimlərimizdir. Bu mənada müəllimlərimizin əməyi hiss olunmalı və unudulmamalıdır. Eyni zamanda, PISA bizə daha çox göstərir ki, hansı istiqamətlərdə irəliləyişə ehtiyacımız var və harada daha çox iş görməliyik. PISA-da təqdimatlarda danışıldığı kimi, bu məsələlər bir daha ətraflı izah olunub”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən