"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
“İstər məktəb, istərsə də ali təhsillə bağlı müxtəlif iştirakçılarla və cəmiyyət nümayəndələri ilə apardığımız müzakirələrdə düşünürük ki, anlamalı olduğumuz çox vacib məsələlər var”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetində keçirilən “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda elm və təhsil naziri Emin Əmrullayev bildirdi.
O vurğuladı ki, təhsil bir adamın və ya bir müəllimin işi deyil:
“Ümumilikdə, hər kəsin birlikdə və əməkdaşlıq şəraitində görməli olduğu bir işdir.
İkinci, vacib məqamı xüsusi vurğulamaq istərdim. Çünki bizim yanaşmamız ondan ibarətdir ki, təbii olaraq bunun özünün müəyyən səbəbləri və yerli kontekstual məqamları var. Biz daha çox çıxışlarda, mətbuatda müəllimlərlə bağlı yaxşı sözlər deməliyik və həqiqətən də bunu etmək lazımdır. Amma burada işin etik tərəfini də başa düşmək çox vacibdir. Gözəl sözlər qulaq üçün yaxşı səslənir, amma nəticədə bunların keyfiyyətə o qədər də böyük təsiri olmur. İstərdim ki, biz burada qısa müddətli seçim qazanmaq üçün bir-birimizi tərifləmək əvəzinə, problemi başa düşüb onu həll etməyə üstünlük verək. İkinci yanaşmanın daha faydalı olduğuna inanıram.
Bu mənada çox istərdim ki, bizim sistemimiz ikinci yolla getsin, yəni özünü tənqid etsin. Özünü tənqid o deməkdir ki, biz problemi tam olaraq başa düşürük. Başa düşürük ki, daha 10-15 bal irəli getmək üçün nəyimiz çatmır və növbəti dəfə hansı addımı atmalıyıq. Bu mövqenin mənim üçün çox vacib olduğunu düşünürəm”.
NURİYYƏ













