"Anar və Elçin səssiz etirazın güclü səsləridir" - Sevda Orxan
“Tələbə kimi bu mədəni zənginliyi özündə daşıyan mətnlərə baxanda onların sətir aralarında yalnız estetik gözəlliyi deyil, həm də ədalət axtarışını, ictimai yaddaşı və bir millətin varoluş mübarizəsini görürəm”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyədə hüquq təhsili alan Sevda Orxan “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbiridə bildirdi.
“Bu gün mən də sizə Anar Rzayev və Elçin Əfəndiyevin əsərləri əsasında Sovet rejiminin kölgəsində yaşayan insanların ağrı, ümidsizlik və qeyri-müəyyənliklə dolu hekayələrindən danışmaq istəyirəm.
Azərbaycan ədəbiyyatında “60-cı illər nəsli” mühüm bir dönüş nöqtəsidir. Bu nəsil Dədə Qorqudun qədim hekayələrindən başlayan, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, “İki od arasında” əsərlərində təsvir etdiyi böyük tarixi hadisələrdən keçən və Cavadın milli mübarizə ruhuna qədər uzanan köklü ədəbi ənənənin davamı idi. Sovet rejiminin yaratdığı sərhədləri aşmağa çalışan bu nəsil insanı yenidən ədəbiyyatın mərkəzinə gətirdi. Onlar insanın daxili dünyasını və milli kimliyini daha aydın şəkildə göstərməyə nail oldular.
Anar və Elçin isə bu səssiz, amma dərin etirazın ən güclü səslərindən biridir. Sözə Elçinin kədərli və duyğulu ədəbi dünyasından başlamaq istəyirəm. Elçin dəyişikliklər və çətinliklər içində yaşayan insanları təsvir edir. Onun fikrincə, insan həyatı davam edərkən zaman hər şeyi öz təsirinə salır və sanki bir dəyirman kimi hər şeyi üyüdür. “Arabaçı” əsərinə baxdıqda, ilk baxışda Bakı şəhərinin köhnə məhəllələrində keçən sadə bir uşaqlıq hekayəsi ilə qarşılaşırıq. Lakin əsərin dərinliyinə getdikcə bunun müharibənin insan psixologiyasında yaratdığı silinməz izlərin və yarımçıq qalan həyatların kədərli hekayəsi olduğunu görürük”.
Aytəkin TOFİQQIZI













