"Savaş zamanı yalnız torpaq silkələnmir, insanın həyat anlayışı da dağılır" - Tülay Balıkaslı
“Savaş sadəcə fiziki bir hadisə deyil. Bu, insanın zaman, məkan və təhlükəsizlik hissi ilə bağlı dünyasının birdən-birə dəyişməsidir. Bir partlayış zamanı yalnız torpaq silkələnmir, insanın həmin günə qədər qurduğu düşüncə və həyat anlayışı da dağılır”.
Redaktor.az xəbər verir ki, bunu türkiyəli tələbə Tülay Balıkaslı “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbiridə səsləndirdi.
“Dağıntı qarşısında insanın iki əsas reaksiyası olur. Ya bu ağır reallığın altında susur və özünə qapanır, ya da yaşamağa davam etmək üçün reallığın fövqünə, yəni hekayələrə və nağıllara sığınır. Azərbaycan ədəbiyyatında gördüyümüz nağılvari hekayələr əslində insanın belə bir sığınacağa ehtiyacının bədii ifadəsidir.
Bəs insan bu dağıntıdan necə xilas olur? Çəmənzəminlinin obrazlarında gördüyümüz “iki od arasında qalmaq” vəziyyəti əslində çarəsizliyi deyil, insanın yaşamaq iradəsini göstərir. İnsanlar güllələrin arasından qaçarkən zehnində Dədə Qorqudun dualarına və ya müxtəlif nağıllara sığınırlar.
Buradakı qaçış qorxaqlıq deyil. Bu, insanın reallığın ağırlığı ilə başa çıxmaq üçün istifadə etdiyi psixoloji müdafiə vasitəsidir. Bu prosesi üç əsas tarixi dönüş nöqtəsi və onların insan psixologiyasına təsiri üzərindən nəzərdən keçirmək lazımdır.
Birinci böyük dönüş XX əsrin əvvəllərində baş verən ideoloji dəyişiklikdir. Azərbaycan cəmiyyətinin yaddaşında yaranan ilk böyük yara yalnız fiziki müharibə ilə deyil, həm də düşüncə və ziyalı mühitində baş verən sarsıntılarla bağlı idi.
Bu vəziyyət cəmiyyətdə kollektiv susqunluq yaratdı. İnsanlar hətta ən yaxınlarına belə güvənməkdə çətinlik çəkməyə başladılar. Bunun nəticəsində cəmiyyətdə dərin şübhə hissi yarandı. Ədəbiyyatda nağıllara sığınmaq ehtiyacı da əslində həqiqəti açıq şəkildə deyə bilməməyin yaratdığı travmanın ifadəsidir.
Bunu ən aydın şəkildə Bəxtiyar Vahabzadənin “Gülüstan” əsərində görmək mümkündür. Əsərdə millətin öz kimliyini itirmək təhlükəsi və bu qaranlıq vəziyyətdən çıxmaq arzusu təsirli şəkildə ifadə olunur.
“Dilim varsa, mən də varam, dilim getsə…” fikri də burada dilin insanın və millətin varlığının əsas dayaqlarından biri olduğunu göstərir. Burada təbiətdə baş verən bir hadisədən deyil, bir millətin öz kimliyini və dilini qorumaq istəyindən, bununla bağlı yaranan dərin kədərdən söhbət gedir”.
Aytəkin TOFİQQIZI













