"Süni intellekt qapıdan içəri girib, ondan qaça bilmərik" - Emin Əmrullayev
“Süni intellekt Azərbaycan üçün böyük bir imkandır, yoxsa sadəcə təhlükədir? Onun qərarvermə prosesi nə dərəcədədir? O, qərar verəndir, müstəqil qərar verəndir, yoxsa biz onun verdiyi qərarlara icazə veririk?”
Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda səsləndirib.
Onun sözlərinə görə, bu və ya digər suallara cavab birmənalı deyil:
“Düşünürəm ki, burada çox maraqlı müzakirə aparmaq lazımdır. Prinsipial olaraq, süni intellekt artıq qapıdan içəri girib. Yəni siz ondan qaça bilməzsiniz. Eyni zamanda, bu gün müzakirələrdə səslənən fikirlərdən də göründüyü kimi, süni intellektin böyük imkanları var. Digər tərəfdən isə bu, böyük bir sualdır. Çünki “böyük imkanlar var” demək sadəcə sualdan qaçmaqdır, suala cavab verməməkdir.
Mənim tərəfimdən bu suala cavab belədir: süni intellekt müstəqil olaraq müəyyən zəif xüsusiyyətlər göstərən müəllimi yaxşı müəllimə çevirə bilməz. Amma yaxşı müəllim üstəgəl süni intellekt əla müəllim deməkdir. Əla müəllim üstəgəl süni intellekt və ondan düzgün istifadə edən müəllim isə daha da yaxşı nəticə verə bilər. Yəni istənilən halda süni intellekt çox şeyi dəyişə bilər.
Əsasən, mən düşünürəm ki, iki məsələdə çox diqqətli olmalıyıq. Bunlardan biri birmənalı olaraq qiymətləndirmədir”.
NURİYYƏ













