Süni intellekt şagird nailiyyətinə necə təsir edəcək? - Nazir AÇIQLADI
“Təhsilverənlərin fəaliyyəti və şagird nailiyyətləri arasında əlaqəni daha yaxşı başa düşmək baxımından düşünürəm ki, süni intellekt bizə olduqca vacib imkanlar yaradacaq”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetində keçirilən “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda elm və təhsil naziri Emin Əmrullayev bildirdi.
Nazir misal çəkdi ki, Vaşinqton konfransında Təhsil İnstitutunun təqdim etdiyi materialda bir neçə komponent var idi:
“Dərsə davamiyyət məsələsi, müəllimin vaxtı idarə etməsi, şagirddə motivasiya yaratmaq bacarığı və s. Yəni biz hələ də, məncə, tam anlamırıq ki, vacib ümumi dəyərlər haqqında danışarkən, məsələn, əsas məsələnin sinfi idarə etmək, yaxud fənnə ayrılan vaxtı düzgün idarə etmək olduğunu deyirik. Amma bunlardan hansının öyrənməyə daha çox təsir etdiyini ayrı-ayrı müəllimlər, siniflər və məktəblər kontekstində tam anlamırıq.
Yəni o data bizdə var, amma hələ ki, təhlil olunmayıb və yaxud onun böyük bir qismi təhlildən kənarda qalıb. Məsələn, biz bunları bir-biri ilə necə əlaqələndirə bilərik? Düşünürəm ki, bu mənada süni intellekt tətbiqləri bizə daha sürətli qərar qəbul etmək imkanı verəcək. Amma təbii ki, onun bu cür istifadə olunmasını öyrənmək lazımdır və bu da öz-özlüyündə fərqli bacarıqlar tələb edir. Yəni dediyim kimi, bunu inkar etməklə irəliyə gedə bilməyəcəyik”.
NURİYYƏ













