“Uşaqlıqda qonşu uşaqlarını yığıb özümə sinif düzəldirdim” - Müəllimlə MÜSAHİBƏ

 16:34 05.10.2026     197

Müəllimlik yalnız bilik öyrətmək deyil, eyni zamanda gələcək nəsillərin formalaşmasında mühüm rol oynamaq, şagirdlərə yol göstərmək və onların dünyagörüşünün inkişafına töhfə verməkdir. Hər bir insanın həyatında ona öyrətdikləri, verdikləri məsləhətlər və göstərdikləri qayğı ilə iz qoyan bir müəllim olur. Bu baxımdan müəllim əməyinin cəmiyyət üçün əhəmiyyəti böyükdür.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü müəllimlərin əməyinə diqqət çəkən, onların cəmiyyətdəki rolunu bir daha ön plana çıxaran əlamətdar gündür. Redaktor.az bu əlamətdar gündə Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının ingilis dili müəllimi Aynur Məmmədova ilə müsahibə edib.

- Müəllimlik peşəsini seçməyinizə nə səbəb oldu? Uşaqlıqdan müəllim olmaq istəyirdiniz?

- Bəli, müəllimlik uşaqlıqdan gələn istəyim olub. Anam müəllim idi və mən gözümü açandan onu bu peşənin içində görmüşəm. Uşaqlıqda qonşu uşaqlarını həyətə yığıb özümə “sinif” düzəldir, onlara tapşırıq verir, dərs soruşurdum. Düşünürəm ki, həyat məni elə uşaqlıqdan sevdiyim bu peşəyə gətirib çıxardı.

- Bu peşəyə ilk başladığınız günü xatırlayırsınız? İlk dərsiniz necə keçmişdi?

- İlk dəfə orta məktəbdə işləməyə başlamışdım və çox həyəcanlı idim. Gənc və təcrübəsiz olduğum üçün dərslərimi axşamdan hazırlayır, nə deyəcəyimi belə əvvəlcədən düşünürdüm. İndi isə illərin təcrübəsi mənə daha rahat və inamlı olmağı öyrədib. Bəzən o vaxtkı həyəcanımı xatırlayıb gülümsəyirəm.

- Bu illər ərzində müəllimlik sizə ən böyük hansı dərsi verib?

- Mənə səbirli, mülayim və daha anlayışlı olmağı öyrədib. Hər uşağın fərqli olduğunu və hər birinə eyni cür yanaşmağın mümkün olmadığını başa düşmüşəm. Ən gözəl tərəfi isə odur ki, illər keçdikcə keçmiş şagirdlərimin məni axtardığını, bayramlarda xatırladığını görürəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir.

- İllər ərzində yaddaşınızda ən çox qalan şagird hadisəsi hansıdır?

- Bir dəfə “My Birthday” mövzusunda dərs keçirdik. Şagirdlərdən biri dedi: “Müəllim, mənim ad günümə heç kim gəlmir”. Bu söz mənə çox təsir etdi və ona gələn ad günündə yanında olacağıma söz verdim. Bir il sonra məni həqiqətən ailəsi ilə birlikdə ad gününə dəvət etdi və mən də söz verdiyim kimi getdim. Onun və ailəsinin sevincini heç vaxt unutmayacağam. İllər sonra həmin şagird mənə dedi ki, mənim ona aldığım hədiyyəni hələ də saxlayır. Mənim üçün müəllimlikdə ən qiymətli xatirələrdən biri məhz budur.

- Elə bir şagirdiniz olubmu ki, onun həyatına və ya dünyagörüşünə təsir etdiyinizi sonradan hiss etmisiniz?

- Bəli. Bir şagirdim illər sonra məni tapıb dedi ki, “müəllim, mən sizin davamçınız olmaq istəyirəm”. İngilis dili müəllimliyi ixtisasını bitirdi və bu gün özü də müəllim kimi çalışır. Mənə dedi ki, mənim bu fənnə olan sevgim onun peşə seçiminə təsir edib. Bu, müəllim üçün çox böyük qürurdur.

- Şagirdlərinizdən öyrəndiyiniz ən böyük şey nə olub?

- Şagirdlərim mənə səbirli olmağı və hər uşağın öz dünyası olduğunu öyrədiblər. Məncə, müəllim yalnız öyrədən deyil, həm də öyrənən insandır.

- Sizcə, yaxşı müəllimlə yaxşı şagird arasında münasibət necə olmalıdır?

- Bu münasibətin əsasında qarşılıqlı hörmət və etimad dayanmalıdır. Müəllim həm tələbkar, həm də qayğıkeş olmalıdır. Şagird müəllimdən qorxmamalı, ona güvənməlidir.

- Şagirdin uğurunda müəllimin rolu nə qədər böyükdür?

- Müəllimin rolu böyükdür, amma şagirdin öz zəhməti və ailənin dəstəyi də vacibdir. Müəllim bəzən şagirdin özündə görə bilmədiyi potensialı onda görə və ona inandıra bilər.

- Çətin və dərsə maraq göstərməyən şagirdlə işləyərkən hansı üsuldan istifadə edirsiniz?

- Əvvəlcə onu anlamağa çalışıram. Çünki dərsə maraqsızlığın arxasında müxtəlif səbəblər ola bilər. Onun maraq dairəsini tapıb dərsdə bundan istifadə etməyə çalışıram. Ən əsası isə uşağa “sən bacara bilərsən” hissini verməkdir.

- Şagirdləriniz sizi daha çox hansı xüsusiyyətinizlə xatırlayacaq?

- Ümid edirəm ki, məni tələbkar, amma qayğıkeş müəllim kimi xatırlayacaqlar. Mənim üçün dərsdə nəticə qədər şagirdin özünə inanması da vacibdir.

- Sizcə, müəllimin əsl uğuru nədir, şagirdin yüksək qiymət alması, yaxşı universitetə qəbul olması, yoxsa yaxşı insan kimi yetişməsi?

- Yüksək qiymət və yaxşı universitet, əlbəttə, sevindiricidir. Amma mənim üçün müəllimin ən böyük uğuru yaxşı insan yetişdirməkdir. Çünki bilik insanın həyatına yol açır, amma yaxşı xarakter onun həyatına dəyər verir.

- Yenidən müəllimlik peşəsini seçərdinizmi?

- Bəli, yenə müəllimliyi seçərdim. Çünki bu peşənin çətinliyi və yorğunluğu olsa da, illər sonra şagirdlərinizin sizi xatırlaması, axtarması və həyatlarında sizin də kiçik bir izinizin olduğunu hiss etdirməsi bütün yorğunluğa dəyir.

- Gənc müəllimlərə bir məsləhət verməli olsaydınız, nə deyərdiniz?

- Müəllimliyi yalnız iş kimi deyil, məsuliyyət və sevgi tələb edən bir peşə kimi qəbul etsinlər. Uşaqları dinləsinlər, onlara inansınlar və özlərini daim inkişaf etdirsinlər. Çünki müəllim bəzən bir şagirdin həyatında düşündüyündən daha böyük iz buraxa bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən