Süni intellektin təhsildə yaratdığı risklər AÇIQLANDI: “Bizim üçün zərərli də ola bilər”

 17:35 05.10.2026     106

Süni intellektin təhsil sahəsində tətbiqi son dövrlər əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə müəllimlərin fəaliyyəti, dərsin idarə olunması, şagirdlərin motivasiyası və onların akademik nəticələri ilə bağlı mövcud məlumatların təhlilində süni intellektdən istifadə yeni imkanlar yarada bilər. Elm və təhsil naziri Emin Əmrullayev də bu texnologiyaların təhsildə qərarvermə prosesini sürətləndirə biləcəyini bildirib.

Süni intellekt müəllimlərin fəaliyyəti ilə şagird nailiyyətləri arasındakı əlaqəni müəyyənləşdirməkdə nə dərəcədə effektiv vasitə ola bilər? Bu texnologiyadan istifadə müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində və təhsilin keyfiyyətinin artırılmasında hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, süni intellektin artıq bizim elmimizə, təhsilimizə, cəmiyyətimizə, sənayemizə və məişətimizə qədər gəlib çıxdığını hamımız bilirik:

"Ona görə də süni intellektə qarşı çıxmaq dünyanın inkişafına qarşı çıxmaq demək olar. Bu baxımdan biz müəyyən mənada bu texnoloji imkanlardan istifadə etməklə düzgün istiqamət götürməliyik. Yaxşı olar ki, bu sahə üzrə müəyyən təlimlər, kurslar təşkil olunsun, təhsil məktəblərində, hətta ali təhsil müəssisələrində və kolleclərdə süni intellektdən düzgün istifadə qaydaları öyrədilsin. Süni intellektin imkanlarından istifadə təhsilə, elmə, əlbəttə ki, sənayeyə və hər sahəyə fayda verdiyi kimi, təhsilə də fayda verə bilər. Ancaq burada söhbət ondan necə istifadə etməyin qaydasından gedir. Təəssüflər olsun ki, bu gün süni intellekt müəyyən mənada bizim üçün zərərli də ola bilər. Məsələn, o, bizim mentalitetimizi, milli dəyərlərimizi, tariximizi, coğrafiyamızı bizə düzgün şəkildə təqdim edə bilməyəcək. O baxımdan bu məsələlərlə bağlı müəyyən ehtiyatlı tədbirlər görülməlidir. Başqa bir məsələ də odur ki, artıq dünyada da bu məsələlərlə bağlı xüsusi narahatlıq var. Süni intellektin sürətlə müdaxiləsindən narahatlıq keçirilir və YUNESKO-nun rəhbər şəxsləri süni intellektin insanlar, yəni xüsusilə müəllimlər vasitəsilə çatdırılmasına və onların nəzarəti altında tətbiqinə daha çox üstünlük verirlər".

Müsahibimizin fikrincə, biz bu sahədə müəyyən addımlar atmalı və mütəxəssislər hazırlamalıyıq ki, heç olmasa, müəyyən təlimlər keçirilsin və insanlar süni intellektdən düzgün istifadə qaydalarını bilsinlər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən