“Süni intellekt uşağın düşünməsinə mane ola bilər” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
"Bu gün süni intellektin çox böyük faydaları var. Məsələn, təhsil sektorunda olduğum üçün deyə bilərəm ki, təhsildə uşağın adi bir mövzunu fərqli üsullarla öyrənməsinə, əlavə izahatlar almasına, dil öyrənməsinə, araşdırma aparmasına və onda ideyaların formalaşmasına süni intellekt çox kömək edir. Xüsusi ehtiyacı olan uşaqlar üçün əlçatanlığı artırmaq baxımından da çox geniş imkanlar vardır".
Bu barədə Redaktor.az-a açıqlamasında pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə bildirdi.
Onun sözlərinə görə, texnologiyanın fərdiləşdirilmiş öyrənmə və təhsilə çıxış imkanları çox genişdir:
"Amma burada da bir məsələ var: biz süni intellektdən daha çox istifadə etməklə uşağın, gənc nəslin düşünməsinə mane ola bilərik. Əgər uşaq hər sualın cavabını düşünmədən, özü araşdırmadan süni intellektə müraciət edirsə və ondan hazır cavab almağa başlayırsa, təbii ki, biz müəyyən mənada məlumat bazamızı artıra bilərik, amma düşünmə bacarığımız avtomatik olaraq zəifləyəcəkdir. Məsələn, müəllim uşağa bir inşa və ya esse tapşırır. Uşaq mövzunu yazır, süni intellektdən hazır mətn alır. Yəni o, mövzunu özü araşdırmır, onda fikirlər formalaşmır, bütün işi süni intellekt görür. Hazır mətni köçürür, aparır. Nəticədə ümumi olaraq dəftərində yaxşı bir inşa, esse olur, amma uşağın öz beynində bunların heç biri, həmin proses baş vermiş olmur. Ona görə də ən böyük təhlükə budur və valideynlər buna diqqət etməlidirlər".
Pedaqoq qeyd etdi ki, süni intellekt tərəfindən verilən hər məlumat doğru deyil:
"Bu məlumatların doğruluğu mütləq və müntəzəm olaraq yoxlanılmalıdır və hər kəs buna diqqət etməlidir. Müəllimlər də, valideynlər də uşaqlara həmişə bunu deməlidirlər. Digər tərəfdən, faydaları baxımından öz nümunəmdən deyim. Məsələn, mənim övladım dərsini oxuyur. Dərsini oxuyandan sonra süni intellektlə sual-cavab etməyə başlayır. Mövzunu deyir və deyir ki, “mənə bu mövzuda suallar ver”. Süni intellekt sual verir, uşaq cavab verir, yenidən suallar verir. Detalına qədər o qədər gözəl şəkildə sual-cavab edirlər ki, sanki müəllimlə uşaq və ya valideynlə uşaq oturub söhbət edir. Bununla da övladım bütün mətni sual-cavab formasında həvəslə tamamilə möhkəmləndirir. Yəni bu artıq süni intellektin geniş imkanları deməkdir".
A.Rəsulzadə bildirdi ki, təhlükəsizlik məsələsi çox önəmlidir:
"Bu gün insanların çoxu süni intellektdə şəxsi məlumatlarını rahatlıqla paylaşa bilirlər və unudurlar ki, həmin məqamda o qədər sürətli axının içinə düşürlər ki, şəxsi məlumatların qısa bir müddətdə yayılması mümkündür və bunlar da böyük risklər deməkdir. Ona görə də biz uşaqlarımıza bunu öyrətməliyik ki, ümumiyyətlə, şəxsi məsələlər, şəxsi məlumatlar heç vaxt süni intellektlə belə olsa, paylaşılmamalıdır. Ona görə də süni intellektdən istifadə ilə bağlı həmişə xüsusi olaraq evdə də, məktəbdə də təlimatlandırma olmalıdır. Ümumi olaraq əsas məqamlar bunlardır: çalışmalıyıq ki, süni intellekt bu gün müəllimi, valideyni, dostu, yoldaşı, psixoloqu və digər peşə sahiblərini əvəz etməsin. Biz bunun üçün çalışmalıyıq.
YUNESKO-nun da bununla bağlı çox dərin bir araşdırması vardır. Orada dünyanın bir çox ölkəsində artıq bu istiqamətdə araşdırmalar aparılıb və süni intellektlə bağlı təhlükəsizlik məsələləri üzə çıxıb. YUNESKO da həmişə dəyərlərin, insani münasibətlərin qorunmasının vacibliyini vurğuladığı üçün deyir ki, bu baxımdan təhlükəsizliyimizi qoruyub saxlamalıyıq. Süni intellekt insanın öz ağlını, vicdanını, insanlığını əlindən almamalıdır. Böyüklər, ailələr və ümumtəhsil məktəbləri bunun üçün çalışmalıdır".
Xədicə BAXIŞLI













