Türk Mədəniyyət Mərkəzində yazarlarla görüş KEÇİRİLDİ

 22:58 05.10.2026     112

Bakıda Yunus Emre İnstitutunun Türk Mədəniyyət Mərkəzində Anadolu Məktəbi layihəsi çərçivəsində yazar və oxucu görüşü keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycanın ədəbiyyat və mədəniyyət nümayəndələri gənc oxucularla bir araya gəlib. Görüşdə ortaq ədəbiyyatın iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsindəki rolu diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdullayev, Anadolu Məktəbi Vəqfinin Müvəkkillər Heyətinin üzvü Muhammed Hakan Tanrıöver, Türkiyənin Bakıdakı səfirliyinin Mətbuat müşaviri, doktor Alptekin Cihangir İşbilir, yazıçı və tərcüməçi İmdat Avşar, həmçinin millət vəkilləri, təhsilçilər və gənc oxucular iştirak ediblər.

Görüş çərçivəsində yazarlarla oxucular arasında fikir mübadiləsi aparılıb. Gənclər oxuduqları əsərlərin müəlliflərini yaxından tanımaq, onları maraqlandıran suallara cavab almaq və ədəbiyyatla bağlı düşüncələrini bölüşmək imkanı əldə ediblər.

Anadolu Məktəbinin əsas məqsədlərindən biri gənclərin dəyərli ədəbi əsərləri mütaliə etməsinə, oxuduqları əsərləri təhlil etməsinə və öz fikirlərini sərbəst şəkildə ifadə etməsinə şərait yaratmaqdır. Yazar və oxucu görüşləri də bu prosesi qarşılıqlı ünsiyyət, fikir mübadiləsi və təcrübə paylaşımı ilə zənginləşdirir.

Türkiyə və Azərbaycandan olan gənclərin müştərək mütaliə ətrafında bir araya gəlməsi iki ölkənin ədəbiyyatının və yazarlarının qarşılıqlı şəkildə daha yaxından tanınmasına imkan yaradır. Bu cür layihələr Türk dünyasında ortaq ədəbi və mədəni dəyərlərin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Yunus Emre İnstitutunun Bakıdakı koordinatoru Gökhan Seyhan tədbirdə çıxış edərək bildirib ki, ortaq gələcək ortaq ədəbiyyatı tanıyan, oxuyan və bu zəngin irsdən ilham alan gənclərlə formalaşacaq.

“Yunus Emre İnstitutu olaraq mədəniyyətimizin ayrılmaz hissəsi olan ədəbiyyatımızın dəyərli yazarlarını gənc oxucularla görüşdürməkdən məmnunluq duyuruq. Bu görüşləri gənclərin mədəniyyətimizlə bağlarını gücləndirən və onların bir-birini daha yaxından tanımasına imkan yaradan mühüm tədbirlər kimi qiymətləndiririk”, – deyə Gökhan Seyhan bildirib.

O, Anadolu Məktəbinin fəaliyyətinin əhəmiyyətindən də danışıb. Qeyd edib ki, gənclərin eyni əsərləri oxuması və həmin əsərlər ətrafında müxtəlif fikirləri dinləməsi onların dünyagörüşünün genişlənməsinə, birgə düşünmək və qarşılıqlı anlaşma mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

Yunus Emre İnstitutunun dil, mədəniyyət və incəsənət vasitəsilə xalqlar arasında davamlı əlaqələrin qurulmasına xidmət edən fəaliyyəti çərçivəsində keçirilən görüş Türkiyə-Azərbaycan qardaşlığının ədəbiyyat vasitəsilə daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli tədbir olub.

Gökhan Seyhan tədbirdə iştirak edən qonaqlara, Anadolu Məktəbi ailəsinə, gənclərə dəstək olan təhsilçilərə və gənc oxuculara təşəkkürünü bildirib. O, bu cür görüşlərin ortaq mədəni dəyərlərin yeni nəsillərə çatdırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.

22222222222
Vumart və Güvən reklamı Vumart Güvən