Süni intellekt şagirdin yaradıcılığını düzgün qiymətləndirə biləcəkmi? - CAVAB
“Süni intellekt texnologiyalarının müasir təhsil sisteminə inteqrasiyası pedaqogika və təhsilin idarəolunması sahəsində ciddi dəyişikliklərə yol açmaqdadır. Bu kontekstdə süni intellektin qiymətləndirmə prosesindəki rolu, onun təmin edə biləcəyi obyektivlik dərəcəsi və onun məktəblərdə uğurlu tətbiqi üçün müəllim heyətinin peşəkar hazırlığı məsələsi qlobal təcrübələr fonunda mütləq elmi-pedaqoji icma tərəfindən dərindən və peşəkar şəkildə təhlil edilməlidir. Pedaqoji prosesin çoxşaxəli təbiəti süni intellektin təkbaşına mütləq obyektivliyi təmin edə bilməyəcəyini, ən doğru və ədalətli qiymətləndirmənin məhz müəllim tərəfindən həyata keçirilə biləcəyini elmi şəkildə sübut edir”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov elm və təhsil naziri Emin Əmrullayevin “süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər” fikrindən danışarkən qeyd etdi.
Müsahibimizin sözlərinə görə, süni intellekt insan amilindən qaynaqlanan yorğunluq, emosional vəziyyət və subyektiv yanaşma kimi amilləri kənarlaşdıraraq qiymətləndirmədə şəffaflığı artıran güclü bir köməkçi alət rolunda çıxış edə bilər:
“Lakin maşın alqoritmləri şagirdin imtahan günü keçirdiyi psixoloji gərginliyi, fərdi motivasiyasını və ya unikal yaradıcı təfəkkürünü heç vaxt hiss edə bilməz. Müəllim isə sadəcə quru rəqəmləri və test nəticələrini deyil, şagirdin şəxsiyyətini, onun potensialını və göstərdiyi gizli səyləri qiymətləndirir. Bu səbəbdən süni intellekt böyük verilənlərin analizi vasitəsilə mühüm analitik material təqdim etsə də, yekun və ən obyektiv qərar hər zaman pedaqoji intuisiyaya və empatiyaya malik olan müəllimə məxsusdur. Ona görə də təhsillə bağlı vacib qərarların fərqli sahələrdə ixtisaslaşmış şəxslər tərəfindən deyil, məhz pedaqoji bilik, bacarıq və səriştələrə malik mütəxəssislər tərəfindən verilməsini doğru hesab edirəm. Çünki sahəvi səriştəsi olmayan idarəçilərin qərarları süni intellekt yanaşmasında olduğu kimi fərdi xüsusiyyətləri nəzərə almayan rəsmiyyətə əsaslanır və real pedaqoji mühitlə ziddiyyət təşkil edir”.
İlqar Orucov vurğuladı ki, qlobal təhsil təcrübəsi də süni intellektin mütləq hakim deyil, məhz yardımçı alət statusunda çıxış etməli olduğunu təsdiqləyir:
“ABŞ-nin “Gradescope” kimi platformaları riyazi tapşırıqların və kodlaşdırma layihələrinin yoxlanılma müddətini günlərdən saatlara endirərək müəllimləri rutin işlərdən azad edir. Çində isə şagirdlərin yazı işlərini struktur baxımından qiymətləndirən dövlət səviyyəli sistemlər sınaqdan keçirilir. Bununla belə, Böyük Britaniya və Avstraliya universitetlərində aparılan araşdırmalar göstərir ki, süni intellekt modelinə tam sərbəstlik verildikdə o, unikal həll yollarını və sətiraltı bədii ifadələri yanlış kimi qəbul edərək fərdi yaradıcılığı deyil, sadəcə orta statistik nəticələri qiymətləndirməyə meyilli olur. Müasir yanaşmada süni intellektin ən uğurlu qlobal funksiyası şagirdə sadəcə qiymət yazmaq deyil, onun zəif tərəflərini fərdiləşdirilmiş formativ rəylər vasitəsilə diaqnostika etmək qarşısında müəllimə düzgün pedaqoji istiqamət verməkdir”.
.png)
Həmsöhbətimiz hesab edir ki, balansın düzgün qurulması və süni intellektin məktəblərdə məhsuldar yardımçı alət kimi tətbiq edilməsi üçün müəllimlərin imitasiya xarakterli formal layihələrlə və yalnız vizual hesabatlılıq xatirinə təşkil edilən tədbirlərlə deyil, praktiki əhəmiyyət kəsb edən xüsusi və ciddi kurslara, fəaliyyət yönümlü, xüsusi və fundamental təlimlərə cəlb olunması qaçılmaz zərurətdir:
“Bu təlimlər pedaqoqlara texnologiyanın idarəçiliyini tamamilə maşına ötürməyi deyil, süni intellektin təqdim etdiyi analitik məlumatlardan öz fərdi qiymətləndirmə strategiyalarında necə düzgün istifadə edəcəklərini öyrətməlidir. Müəllimlər rəqəmsal savadlılıq və data analitikası ilə yanaşı, süni intellektin etik hüdudlarını və məlumatların məxfiliyini də mənimsəməlidirlər. Beynəlxalq təhsil icmasının gəldiyi ortaq qənaət budur ki, süni intellekt müəllimi əvəz edə bilməz, lakin süni intellektə malik yardımçı alətlərdən səmərəli istifadə edən müəllimlər, bu transformasiyadan kənarda qalan həmkarlarını gələcəkdə əvəz edəcəklər”.
Aytəkin TOFİQQIZI













