“Şagird tapşırığı süni intellektə yazdırıb müəllimə təqdim edə bilər” - AÇIQLAMA
"Süni intellekt artıq qlobal dünyanın əsas ünsürlərindən biridir. Süni intellektdən düzgün istifadə, əlbəttə ki, bütün peşələrdə olduğu kimi, təhsil sahəsində də vacib amil kimi sayılır. Hər bir müəllim mütləq süni intellekt prosesini bilməli və bunun tədris prosesində tətbiq olunmasına xüsusi diqqət yetirməlidir".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev məktəblərdə süni intellektdən istifadənin əhəmiyyətindən danışarkən qeyd etdi.
Həmsöhbətimiz vurğuladı ki, süni intellektin müsbət və mənfi tərəfləri var:
"Müsbət tərəfləri ondan ibarətdir ki, süni intellektdən düzgün istifadə qaydası həyata keçirildiyi təqdirdə, bu, həm qiymətləndirmə prosesində, həm yoxlanma prosesində, həm də tədris prosesində çox müsbət təsir göstərə bilər. Amma mənfi problemlər də var ki, şagirdin süni intellekt rıçaqları vasitəsilə hər hansı bir tapşırığı yazması və yaxud da ki, müəyyən aldatma metodlarından istifadə etməsi, əlbəttə ki, bunun heç də xoş olmadığını ortaya qoya bilər. Ona görə də müəllim süni intellekt resurslarını çox gözəl bilməli, mənimsəməlidir ki, şagirdin atdığı addımı vaxtında müəyyən edə bilsin. Yəni şagird aldatma prosesi kimi süni intellekt vasitəsilə hər hansı bir tapşırığı yazıb müəllimə təqdim etdiyi təqdirdə, müəllim bunu vaxtında müəyyən edə bilməlidir.
Müəllim süni intellekt prosesini yaxşı bilmədiyi təqdirdə, bu zaman şagird süni intellektin mənfi rıçaqlarından istifadə edərək aldatma prosesinə keçə bilər, tapşırıqları süni intellektə yazdırıb müəllimə təqdim edə bilər və bu da, əlbəttə ki, ümumi olaraq həmin şagirdlərin geriləməsinə gətirib çıxara bilər. Ona görə də mütləq və mütləq bütün müəllimlərin süni intellekt rıçaqlarından düzgün istifadə etməsi lazımdır".

Onun sözlərinə görə, süni intellektdən düzgün istifadə olunmalıdır ki, təhsilimizin inkişafı məhz bu istiqamətdə qurulsun:
"Ona görə də mən düşünürəm ki, ümumtəhsil məktəblərində mütləq süni intellekt dərsləri keçirilməlidir. Müəllimlərə bu istiqamətdə lazımi seminarlar təqdim olunmalıdır, müəllimlər bu istiqamətdə maarifləndirilməli, öyrədilməli, bilməlidirlər. Bu səbəbdən təhsilin inkişafı müxtəlif istiqamətlərdə olmalıdır. Həm müəllimlərə təlimlər keçirilməlidir, müəllimlər bu istiqamətdə müəyyən bilik və bacarıqları öyrənməlidir, həmçinin də şagirdlərə bu dərslər keçirilməlidir və şagirdlər də bunu bilməlidir. Maarifləndirmə işlərində şagirdlərə süni intellektdən istifadənin düzgün qaydaları öyrədilməlidir. Yəni şagird "Əgər mənfi istiqamətlənərsə, o zaman öz gələcəyini təhlükəyə atır" devizi altında lazımi maarifləndirmə tədbirləri həyata mütləq keçirilməlidir".
Aytəkin TOFİQQIZI













