Şagirdlərin qiymətləndirilməsində süni intellektdən necə istifadə olunacaq? - Müəllim AÇIQLADI
Elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib ki, süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi ki, o, süni intellektin qiymətləndirmə prosesində istifadəsinə müsbət yanaşır:

"Amma burada əsas məsələ onun müəllimi əvəz etməsi deyil, müəllimə dəstək olmasıdır. Süni intellekt qısa müddətdə şagirdin nəticələrini təhlil edə, hansı mövzularda daha çox çətinlik çəkdiyini göstərə, hətta fərdi inkişaf dinamikasını izləməyə kömək edə bilər. Bu, müəllim üçün də kifayət qədər faydalı məlumatdır. Amma şagirdin biliyi yalnız doğru və ya yanlış cavabların sayı ilə ölçülmür. Onun düşünmə tərzi, fikrini ifadə etməsi, yaradıcılığı, dərsdə fəaliyyəti və irəliləyişi kimi məqamlar var ki, burada müəllimin müşahidəsi və peşəkar yanaşması çox vacibdir. Ona görə düşünürəm ki, ən doğru model süni intellektlə müəllimin birgə işlədiyi modeldir. Süni intellekt məlumatı təhlil etsin, müəllim isə həmin məlumatı şagirdi tanıması və pedaqoji təcrübəsi ilə tamamlasın. Yəni son qərarı alqoritm deyil, müəllim verməlidir".
NURİYYƏ













