""Uşaqdır, dalaşdı, barışar" yanaşması təhlükəli laqeydliyə çevrilə bilər" - Əməkdar müəllimdən sərt AÇIQLAMA

 21:51 06.10.2026     143

Dünən Bakıda orta məktəbin 9-cu sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı yeniyetmələrdən biri sinif yoldaşını bıçaqlayaraq öldürüb.

Bəs məktəbdə bu cür halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva hesab edir ki, bu faciə yalnız bir ailənin deyil, əslində bütün cəmiyyətin faciəsidir:

“Çünki zorakılıq heç vaxt bir gündə yaranmır. Onun arxasında adətən vaxtında görülməyən, ciddiyə alınmayan, “uşaqdır, keçib gedər” deyə üstündən keçilən çoxsaylı siqnallar dayanır. Ona görə də bu gün əsas sual budur: “Siqnallar niyə vaxtında görülmədi və niyə müdaxilə edilmədi?”

Bu, təkcə Azərbaycana aid problem də deyil. UNESCO-nun 144 ölkəni əhatə edən məlumatlarına görə, dünyada hər üç şagirddən biri ayda ən azı bir dəfə həmyaşıdları tərəfindən zorakılığa məruz qalır. Deməli, problem qlobaldır. Amma onun qarşısını almaq üçün ilk addım məktəbdən başlamalıdır”.

Müsahibimiz hesab edir ki, burada bir neçə ciddi dəyişiklik vacibdir:

“Birincisi, məktəb psixoloqu formal vəzifə olmaqdan çıxmalıdır. Nazirlər Kabinetinin 2020-ci il qərarı ilə 1000 şagirdə qədər olan məktəbdə bir psixoloq ştatının nəzərdə tutulması bu gün real ehtiyaclara cavab vermir. Bir mütəxəssisin yüzlərlə, hətta minə yaxın uşağın emosional vəziyyətini yaxından izləməsini gözləmək real deyil. Psixoloq həm də kağız üzərində hesabat hazırlayan şəxsə çevrilməməlidir. Psixoloq kabinetdə gözləməməli, məktəbin həyatının içində olmalıdır, sinifdə, dəhlizdə, uşaqların arasında vaxt keçirməlidir.

İkincisi, məktəbdə baş verən hər münaqişəyə vaxtında reaksiya verilməlidir. Əgər mediada yayılan məlumatlar doğrudursa və hadisədən bir neçə gün əvvəl yeniyetmələr arasında mübahisə yaşanıbsa, deməli, ortada heç də gözlənilməz bir hadisə olmayıb. Münaqişə varsa, o, qeydə alınmalı, tərəflərlə ayrıca işlənməli, valideynlər prosesə cəlb edilməli və məktəb psixoloqu tərəfindən vəziyyət qiymətləndirilməlidir. “Uşaqdır, dalaşdı, barışar” yanaşması artıq təhlükəli bir laqeydliyə çevrilə bilər.

Üçüncüsü, sosial-emosional bacarıqlar məktəb təhsilinin ayrılmaz hissəsi olmalıdır. Uşağa yalnız riyaziyyat, fizika və digər fənləri öyrətməklə kifayətlənə bilmərik. Uşaq qəzəbini necə idarə etməli, konflikt zamanı necə davranmalı, həmyaşıdının sərhədinə necə hörmət etməli, problemi zorakılığa əl atmadan necə həll etməli olduğunu da öyrənməlidir. Bunlar əlavə mövzu deyil, həyat bacarıqlarıdır.

Dördüncüsü, məsuliyyəti yalnız məktəbin üzərinə qoymaq düzgün deyil. Uşaq evdə nə görür? Telefonda hansı məzmunu izləyir? Kimlərlə ünsiyyətdədir? Son vaxtlar davranışında nə dəyişib? Bunları ilk növbədə valideyn bilməlidir. Valideyn iclasları yalnız qiymətlərin, davamiyyətin və intizam məsələlərinin müzakirəsinə çevrilməməlidir. Valideynə uşağın davranışındakı risk siqnallarını tanımaq da öyrədilməlidir.

Beşincisi, müəllimlər münaqişənin idarə olunması və riskli davranışların erkən müəyyənləşdirilməsi üzrə hazırlanmalıdır. Müəllim yalnız dərs deyən şəxs deyil. O, uşağın gündəlik davranışını ən çox müşahidə edən böyüklərdən biridir. Sinifdəki gərginliyi, uşaqlar arasındakı münasibətləri, kənarda qalan və ya aqressivləşən şagirdi vaxtında görə bilmək müəllimin peşəkar məsuliyyətinin bir hissəsinə çevrilməlidir”.

Əməkdar müəllim qeyd etdi ki, çantaların yoxlanılması, nəzarətin gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi müəyyən hallarda vacib ola bilər:

“Amma bunlar problemin nəticəsinə müdaxilədir, səbəbinə deyil. Əgər biz həqiqətən məktəbdə zorakılığın qarşısını almaq istəyiriksə, uşağın əlində təhlükəli əşyanı tapmaqdan əvvəl onun daxilində yaranan qəzəbi, qorxunu, təzyiqi və sosial təcridi görməyi bacarmalıyıq. Məktəb, ailə və psixoloji xidmət ayrı-ayrılıqda işlədikcə sistemdə boşluqlar qalacaq. Bu üç tərəf vahid mexanizm kimi fəaliyyət göstərməlidir. Çünki uşağın təhlükəsizliyi yalnız məktəbin deyil, ailənin və bütövlükdə cəmiyyətin məsuliyyətidir. Ona görə də bu gün bizə yalnız daha sərt cəza mexanizmləri yox, daha güclü erkən müdaxilə sistemi lazımdır. Faciə baş verəndən sonra tədbir görmək artıq gecdir. Əsas məsələ faciəyə aparan yolu ondan əvvəl görməkdir”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən