Süni intellekt müəllimlərin bu işini əvəzləyə bilər - Deputat AÇIQLADI
Elm və təhsil naziri Emin Əmrullayev “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib ki, süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər.
Süni intellektin şagirdlərin qiymətləndirilməsində istifadəsi nə dərəcədə obyektiv nəticə verə bilər?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a bildirdi ki, bu gün bütün sahələrdə, o cümlədən təhsil sahəsində dünyada süni intellektin tətbiqi geniş yayılıb:
“Yəni bu gün artıq süni intellekt dünya insanlarının gündəlik istifadə etdiyi və həyatlarının ayrılmaz bir hissəsi olduğu bir alətə çevrilib. Təkcə bizim ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində də bu proses gedir və bizim təhsilimizdə də süni intellektin tətbiqi məqsədəuyğundur. Hesab edirəm ki, süni intellektin, xüsusilə də qiymətlərin yoxlanılmasında böyük rolu ola bilər”.
Millət vəkilinin sözlərinə görə, bu məsələdə ən vacib məsələlərdən biri də müəllimlərin vaxtının səmərəli istifadəsidir:
“Bizim üçün önəmli olan odur ki, müəllimin vaxtı səmərəli olsun. Bu gün Azərbaycan müəllimi kifayət qədər yüklənib və onun bu yoxlama işlərinə çox böyük vaxtı gedir. Ona görə bu mənada bu prosesdə o məqamdan istifadə olunması, hesab edirəm, xüsusi önəm və əhəmiyyət daşıyır. Bu çox vacibdir. Obyektivlik məsələsinə gəldikdə isə, hesab edirəm ki, burada obyektivliklə bağlı narahatlığa heç bir əsas yoxdur. Mən düşünürəm ki, burada subyektivlik ehtimalı çox azdır. O mənada biz deyə bilərik ki, xüsusilə qiymətləndirmədə, yoxlamaların həyata keçirilməsində süni intellekt prosesə öz töhfəsini verə bilər”.
Aytəkin TOFİQQIZI













