Ekspert məktəblərdə bıçaq təhlükəsindən DANIŞDI: “Valideynlər daha diqqətli olmalıdır”

 13:10 07.10.2026     122

“Bakıda orta məktəbin 9-cu sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib. İlk növbədə qeyd edim ki, bu kimi hallar orta ümumtəhsil məktəblərində heç də xoşagələn vəziyyət deyil. Əvvəlki hadisələrə də diqqət yetirdikdə, şagirdin şagirdə qarşı xəsarət yetirməsi, bıçaqla hədələməsi və ya zərər vurması, eləcə də şagirdin müəllimə qarşı kobud davranışı, hətta odlu silahdan atəş açaraq müəllimə ciddi xəsarət yetirməsi kimi halların şahidi olmuşuq”.

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.

O qeyd etdi ki, bu kimi hadisələr cəmiyyət tərəfindən heç də arzuolunan deyil:

“Müəllimə qarşı hər hansı hərəkət və ya addım, əlbəttə ki, ictimai qınağa səbəb olur. Bununla yanaşı, şagirdin digər şagirdə xəsarət yetirməsi də heç də arzuolunan hal deyil. Çünki hər bir şagird bir ailənin övladıdır. Səbəbi nə olursa-olsun, orta ümumtəhsil məktəbində oxuyan bir uşağın digər şagirdə bıçaqla xəsarət yetirməsi və onun həyatını itirməsinə səbəb olması heç də xoşagələn hal deyil. Belə hallar orta ümumtəhsil məktəblərində olmamalıdır. 9-cu sinifdə oxuyan bir şagirdin belə addım atması onun şagirdlik statusuna və düşüncəsinə yaraşan hərəkət deyil”.

Müsahibimizin sözlərinə görə, valideynlərin də bu istiqamətdə böyük məsuliyyəti var:

“Əgər uşaq hər hansı psixoloji problem yaşayırsa, bunun vaxtında müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi vacibdir. 9-cu sinifdə oxuyan, 14-15 yaşlarında olan bir uşağın əlində bıçaqla ümumtəhsil məktəbinə gəlməsi və məktəbdə, məktəbin ərazisində və ya məktəbdən kənarda sinif yoldaşına xəsarət yetirməsi ciddi problemdən xəbər verir. Bu istiqamətdə valideynlər diqqətli olmalıdır. Bəzi hallarda isə valideynin də günahı olmur. Çünki cəmiyyətdə müəyyən problemlər var və xüsusilə həmin yaş qrupunda olan uşaqlarda ciddi narahatlıqlar formalaşa bilir. Bu narahatlıqların səbəblərindən biri də bəzi oğlan uşaqlarının özlərini müəyyən avtoritet mühitinə uyğunlaşdırmağa çalışmasıdır”.

Ekspert vurğuladı ki, bu istiqamətdə xüsusilə maarifləndirici tədbirlərin görülməsi vacibdir:

“Qeyri-hökumət təşkilatları, məktəb rəhbərlikləri və aidiyyəti qurumlar bu məsələni nəzarətdə saxlamalı, şagirdlər bu istiqamətdə maarifləndirilməlidir. Onlara belə hadisələrin nəticələri izah edilməlidir. Məsələn, hadisə baş verdikdə nə baş verir? Bir uşaq həyatını itirir və ailəsi böyük faciə yaşayır. Digər uşağın da həyatı, demək olar ki, məhv olur. O, həbsxanaya düşəcək və həmin yaşda həbs cəzası alan uşağın gələcək həyatını və karyerasını düzgün istiqamətdə qurması çətinləşəcək. Ali təhsil almaq imkanları məhdudlaşacaq və uzun müddət həbsdə qalacaq. Yəni bu hadisə nəticəsində iki ailə böyük zərər görmüş olur. Ona görə də məhz bu istiqamətdə azyaşlıların, xüsusilə də yeniyetmələrin maarifləndirilməsi lazımdır. Aidiyyəti qurumlar bu istiqamətdə müvafiq tədbirlər həyata keçirməlidir".

R.Nurəliyev hesab edir ki, xüsusilə media da bu istiqamətdə məsələni sadəcə hadisənin baş verməsi ilə bağlı işıqlandırmamalıdır.

"Hadisənin nə qədər ağır olduğunu, nəticələrinin nə qədər ciddi fəsadlara səbəb olduğunu, valideynlərin və ailə üzvlərinin hansı vəziyyətə düşdüyünü ictimaiyyətə çatdırmaq lazımdır. Uşaq düşünməlidir ki, “mən bu addımı atdığım zaman həm öz həyatımı, həm də ailəmin həyatını məhv edə bilərəm”. Belə nəticələrin əvvəlcədən dərk edilməsi bu cür halların qarşısının alınmasına kömək edə bilər. Bu, xoş bir mənzərə deyil, ürəkağrıdan bir hadisədir. Heç bir valideyn istəməz ki, övladı belə hallarla qarşılaşsın. Həqiqətən də, insan bu barədə danışarkən söz tapmaqda çətinlik çəkir. Allah həmin valideynlərə səbir versin, köməkləri olsun. Amma yenə deyirəm, əgər hər hansı şagirddə müəyyən problemlər var idisə, həmin problemlər əvvəlcədən müəyyənləşdirilməli və bununla bağlı müvafiq tədbirlər görülməli idi”, - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən