"Şagirdlərdə estetik zövqün formalaşmasında müəllimin xarici görünüşünün də rolu böyükdür" - Müəllim
"Müəllimlərin geyim qaydaları və etik normaları ilə bağlı qərarlar təhsil müəssisələrində peşəkar mühitin, nümunəvi görünüşün və vahid yanaşmanın qorunması baxımından vacibdir. Müəllim şagirdlər üçün həm bilik, həm də davranış və mədəniyyət baxımından bir nümunədir".
Bu sözləri Redaktor.az-a müəllimlərin yeni geyim qaydaları barədə danışan Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, fənn kafedra müdiri Aytən Bağıyeva bildirdi.
O nəzərə çatdırdı ki, bu cür qərarlar iş mühitində səliqə-sahmanı və peşəkar intizamı möhkəmləndirməyə xidmət edir:

"Şagirdlərdə estetik zövqün və məktəb mədəniyyətinin formalaşmasında müəllimin xarici görünüşünün də rolu böyükdür. Önəmli olan odur ki, bu standartlar müəllimlərin gündəlik pedaqoji fəaliyyətini rahat, səliqəli və nümunəvi şəkildə davam etdirməsinə dəstək olsun. Qərarı çox müsbət dəyərləndirirəm. Müəllim həm biliyi, həm də davranışı və xarici görünüşü ilə şagirdlərinə nümunə olmalıdır. Vahid və peşəkar geyim standartı məktəb mühitində ciddiliyi və intizamı artırır. Hesab edirəm ki, bu addım müəllim peşəsinin imicinə və məktəb mədəniyyətinə müsbət təsir göstərəcək".
NURİYYƏ













