“Valideynlərin cərimələnməsi məsuliyyəti artıra bilər” - Məzahir Məmmədli
"Son vaxtlar ümumtəhsil məktəblərində xüsusi təmayüllü siniflər də açılıb ki, bu da repetitorluğun qarşısını qismən alsın. Davamiyyətlə bağlı əsas problemlərdən biri də repetitor müəllimlərlə əlaqədardır. Belə ki, 9-cu sinifdən sonra şagirdlərin bir qismi müəyyən mənada tədrisdən yayınır".
Bu barədə Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli danışdı.
O vurğuladı ki, tədrisdən yayınan və erkən yaşda əməyə cəlb olunan uşaqlarla bağlı problem mövcuddur:
"Bu baxımdan valideynlərin cərimələnməsi müəyyən mənada məsuliyyətin artırılmasına kömək edəcək. Düşünürəm ki, repetitorluğun da qismən azaldılması üçün müəyyən addımlar atılır. Təmayüllü siniflər məhz buna nümunədir. Artıq bilirik ki, ümumtəhsil məktəblərində xüsusi qruplar üzrə təmayülləşmə aparılır. Bu layihə pilot qaydada həyata keçirilsə də, nəticələri ürəkaçan olduğuna görə bu il təkcə Bakı şəhərində 31 məktəb layihəyə cəlb olunub. Düşünürəm ki, bu addım repetitorluq problemini tam həll etməyəcək, amma müəyyən mənada onun qarşısını ala və miqyasını azalda biləcək".
NURİYYƏ













