“Qızların ətək uzunluğu, oğlanların saqqal saxlaması...” - Müəllimdən məktəb qaydalarına DƏSTƏK

 18:25 09.10.2026     134

“Mən həm müəllim, həm də valideyn olaraq məktəblərdə geyim və xarici görünüşlə bağlı qaydaların tətbiqini müsbət qiymətləndirirəm”.

Bunu Redaktor.az-a açıqlamasında Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi.

O hesab edir ki, məktəbin özünəməxsus mühiti, nizam-intizamı və geyim mədəniyyəti olmalıdır:

“Şagird məktəbə gələrkən geyiminin və xarici görünüşünün həmin mühitə uyğun olmasına diqqət etməlidir. Qızların ətək uzunluğu, oğlanların saqqal saxlaması və digər xarici görünüş məsələləri ilə bağlı müəyyən çərçivələrin olması, məncə, normaldır. Çünki məktəb uşaqların yalnız bilik qazandığı deyil, həm də davranış, məsuliyyət və müəyyən qaydalara əməl etmək vərdişləri qazandığı bir məkandır.

Amma burada bir məqamı da xüsusilə vurğulamaq istərdim. Qaydalar uşaqlara qadağa və təzyiq kimi deyil, məktəb mədəniyyətinin bir hissəsi kimi izah olunmalıdır. Hansısa şagirdi geyiminə və ya görünüşünə görə sinif yoldaşlarının qarşısında utandırmaq, yaxud təhsildən uzaqlaşdırmaq düzgün yanaşma olmaz. Məncə, əsas məqsədimiz uşaqların hamısını eyni görünüşə gətirməkdən daha çox, onlarda səliqə, məsuliyyət, qarşılıqlı hörmət və məktəb mühitinə uyğun davranış formalaşdırmaq olmalıdır. Unutmayaq ki, məktəbin əsas gözəlliyi yalnız şagirdlərin geyimində deyil, həm də onların davranışında, düşüncəsində və bir-birinə münasibətində özünü göstərir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən