“Şagirdlər tapşırığın şəklini çəkib süni intellektə göndərirlər” - Müəllimdən NARAHATLIQ

 20:35 09.10.2026     160

“Günümüzdə həm müəllimlər, həm də şagirdlər üçün süni intellektdən istifadə dövrün əsas tələblərindən biridir. Hazırda Azərbaycan təhsilində də digər sahələrdə olduğu kimi, süni intellektin tədris prosesinə inteqrasiyası istiqamətində işlər aparılır. Bu proses, demək olar ki, həm ali təhsili, həm də orta məktəbləri əhatə edir. Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən süni intellekt həllərinin məktəblərdə tətbiqi ilə bağlı bir sıra layihələr həyata keçirilib. Mən özüm də həmin layihələrdən birində iştirak etmişəm. Təlim xarakteri daşıyan layihə Microsoft Office proqramlarından istifadəni əhatə edirdi. Düşünürəm ki, bu cür layihələrin həyata keçirilməsi və müəllimlərin təlimlərə cəlb olunması onların müasir dövrün tələblərinə uyğun süni intellekt həllərindən istifadə imkanlarını genişləndirəcək”.

Bunu Redaktor.az-a açıqlamasında coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə bildirdi.Onun sözlərinə görə, süni intellektin məktəblərdə tətbiqi ilə bağlı müəllimlərin öyrənməli olduğu əsas kompetensiyalardan biri bu həllərin tədris proqramına inteqrasiyasıdır:

“Məsələn, müəllim dərs zamanı slayd hazırlamaq, cədvəl qurmaq və ya tədris prosesinin müəyyən hissəsini süni intellekt proqramları vasitəsilə canlandırmaq üçün həmin vasitələrdən necə istifadə etməli olduğunu bilməlidir. Əsas məqsəd süni intellekti keçilən mövzuya uyğun şəkildə tətbiq etməkdir. İkinci vacib məsələ süni intellektdən istifadə zamanı etik prinsiplərə riayət olunması və müəllif hüquqlarının qorunmasıdır. Müəllimlər şagirdlərə süni intellektdən istifadə edərkən etik məqamları nəzərə almağı öyrətməlidirlər.

Müşahidə edirəm ki, son zamanlar şagirdlər ev tapşırıqlarının şəklini çəkərək süni intellektə göndərir, cavabı əldə etməklə işlərini bitmiş hesab edirlər. Halbuki müəllimin rolu şagirdə süni intellektdən düzgün istifadə etməyi öyrətməkdir. Mən həmişə şagirdlərə deyirəm ki, süni intellektdən istifadəyə məhdudiyyət qoymuruq, sadəcə, ondan düzgün yararlanmaq lazımdır. Çətinlik çəkdikləri tapşırıqların həlli zamanı süni intellektdən izah və istiqamət almaq olar. Lakin cavabı olduğu kimi köçürüb təqdim etmək şagirdi tənbəlləşdirə, zamanla onun analitik düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər”.

Müəllim qeyd etdi ki, süni intellekt həlləri ortaya çıxandan sonra bəzi şagirdlər məsələlər üzərində düşünmək, onlara vaxt ayırmaq və problemləri müstəqil həll etmək istəmirlər:

“Hər şeyi süni intellekt vasitəsilə etməyə çalışırlar. Bu isə dərsə ayrılan vaxta və tapşırıqlar üzərində müstəqil işləmək vərdişlərinə təsir göstərir. Nəticədə oxu və mütaliə bacarıqlarının zamanla zəifləməsi, təhsilin keyfiyyətinin aşağı düşməsi riski yaranır. Bu baxımdan müəllimlər şagirdlərə süni intellektdən istifadə zamanı dürüst olmağı öyrətməlidirlər. Şagird müəllimini və valideynini aldatmağa çalışmamalıdır. Süni intellektdən tapşırığın cavabını hazır şəkildə əldə etmək üçün deyil, onun həllində dəstək almaq məqsədilə istifadə edilməlidir. Valideynlər və müəllimlər birlikdə şagirdlərin telefondan istifadə müddətinə də nəzarət etməlidirlər”.

Müsahibimiz hesab edir ki, hazırda müəllimlərin qarşısında duran iki əsas vəzifə var:

“Birincisi, süni intellektin tədris prosesinə tətbiqini dərindən öyrənmək və bu sahədə praktiki bacarıqlar qazanmaqdır. İkincisi isə şagirdlərə süni intellektdən istifadə zamanı etik prinsiplərə riayət etməyi aşılamaqdır. Şagirdin ev tapşırığını tamamilə süni intellektdən köçürərək müəllimə təqdim etməsi və bunu öz müstəqil işi kimi göstərməsi etik davranış deyil. Biz şagirdlərə bu cür davranışların düzgün olmadığını izah etməliyik”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən