Şagird dərsə getməsə, valideyni 100 manat cərimələnəcək? - Bu norma 10 il öncə ləğv edilib

 20:19 09.10.2026     214

Son günlər sosial şəbəkələrdə, bəzi telekanallarda və mətbuatda şagirdlərin üzrlü səbəb olmadan dərsdən qalacağı təqdirdə onların valideynlərinin 100 manat cərimələnəcəyi barədə məlumatlar yayılır. Bu iddia valideynlər arasında narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub.

Redaktor.az məsələni araşdırıb və məlum olub ki, şagirdin bir ay ərzində üzrlü səbəb olmadan 7 gündən çox dərs buraxmasına görə valideynin 100 manat cərimələnməsini nəzərdə tutan müddəa yeni deyil. Əksinə, həmin norma illər əvvəl qanunvericilikdən çıxarılıb.

Belə ki, Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli qanunla təsdiq edilmiş İnzibati Xətalar Məcəlləsi 1 mart 2016-cı ildən qüvvəyə minib. Məcəllənin 189.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin 100 manat cərimələnməsi nəzərdə tutulurdu.

Lakin bu müddəa uzun müddət qüvvədə qalmayıb. 2016-cı il aprelin 15-də Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğvi ilə bağlı qanun layihəsi qəbul edilib. Həmin gün imzalanmış qanunla şagirdin dərs buraxmasına görə valideynin 100 manat cərimələnməsini nəzərdə tutan müddəa ləğv olunub.

Bu barədə həmin dövrdə media orqanları da məlumat yayıb. Müxtəlif saytların 15 aprel 2016-cı il tarixli xəbərlərində Milli Məclisin 189.2-ci maddənin ləğvini təsdiqlədiyi bildirilir. Qanunun mətni Prezidentin rəsmi internet səhifəsində də dərc olunub.

Beləliklə, sosial şəbəkələrdə və bəzi media vasitələrində yayılan 100 manatlıq cərimə barədə məlumat keçmişdə mövcud olmuş, lakin 2016-cı ildə ləğv edilmiş normaya əsaslanır. İnzibati Xətalar Məcəlləsinin e-Qanun bazasında yerləşdirilən mətnində də 189.2-ci maddənin üzərindən xətt çəkilib. Bu da həmin müddəanın qanunvericilikdən çıxarıldığını göstərir. Həmin müddəanın hazırda qüvvədə olan tələb kimi təqdim edilməsi düzgün deyil.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən