"Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir"

 13:35 10.10.2026     162

“Ümumtəhsil məktəblərində geyim qaydaları ilə bağlı qəbul edilən qərar cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Bu məsələyə  təhsilimizin mahiyyəti, dünyəvilik prinsipi və qarşılıqlı hörmət çərçivəsində yanaşmalıyıq”.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə danışan elm və təhsil üzrə mütəxəssis Murad Ağalarov danışıb.

O bildirdib ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqini hər hansı bir dinin və ya dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirmək doğru deyil:

“Bu qərara, hər şeydən əvvəl, ümumi təhsil müəssisələrində vahid qaydaların və dünyəvi təhsil mühitinin formalaşdırılması kontekstində baxmaq lazımdır. Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik isə dinə qarşı olmaq demək deyil. Əksinə, dövlətin hər hansı bir dini digərindən üstün tutmaması, bütün vətəndaşlara bərabər münasibət göstərməsi və təhsil sisteminin dini mənsubiyyətdən asılı olmayaraq hər kəs üçün əlçatan olması deməkdir. Ölkəmizin dini-mənəvi dəyərlərə münasibətini də yalnız bir qərar üzərindən qiymətləndirmək düzgün olmazdı. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini və tarixi abidələrin bərpasına, məscidlərin inşasına, dini irsin qorunmasına göstərilən diqqət, eləcə də ölkəmizdə müxtəlif dini icmaların birgəyaşayış ənənəsi dövlətin dinə münasibətinin daha geniş mənzərəsini ortaya qoyur”.

Müsahibimizin sözlərinə görə, məktəbdə təhsil prosesinin xüsusiyyətlərindən irəli gələn ümumi tələblərə riayət olunması prinsipinə anlayışla yanaşmaq lazımdır:
“İnsanların məktəbdən kənarda dini etiqadlarını yaşamaq, ibadət etmək və inanclarına uyğun həyat tərzi seçmək azadlığına hörmət edilir. Bu iki məqamı bir-birinə qarşı qoymaq əvəzinə onların arasında sağlam tarazlıq yaratmağa çalışmalıyıq. Bizim ortaq məqsədimiz uşaqların keyfiyyətli təhsil aldığı, müəllimlərin peşəkar fəaliyyət göstərdiyi, fərqli düşüncələrə və inanclara malik insanların bir-birinə hörmət etdiyi sağlam məktəb mühiti yaratmaq olmalıdır. Bu səbəbdən qəbul edilən qərara dini inancların məhdudlaşdırılması kimi deyil, ümumi təhsil mühitində vahid qaydaların tətbiqi istiqamətində atılan addım kimi yanaşmalıyq”.

Vumart və Güvən reklamı Vumart Güvən