"Məktəblərdə qısa ətək qadağan olunur" - AÇIQLAMA

 09:30 11.10.2026     57

"Məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Həmin qaydalarda da konkret göstərilib ki, təhsilalan və təhsilverən hansı formada geyinməlidir. Təbii ki, könül istər ki, şagirdlər vahid geyim formasına üstünlük versinlər. Bəzi hallarda müşahidə edirik ki, yuxarı sinif şagirdləri tatu etdirirlər, uzun dırnaq və qısa ətəklər bəzi hallarda istifadə olunurdu, saçlar rənglənirdi. Bu isə indi konkret olaraq qadağan olunub".

Bunu Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi dedi.

O vurğuladı ki, hər hansısa bir təşkilatın simvolu, elementi geyimlərdə əksini tapmamalıdır:

"Əlbəttə ki, geyim qaydaları dünyəvi təhsilin istiqaməti kimi dəyərləndirilir. Təhsil müəssisələrində sağlam təhsil mühitinin formalaşması müəllimin nüfuzunun, şagird nüfuzunun tanınmasına əsaslanır. Təkcə bizim ölkəmizdə deyil, demək olar ki, bütün inkişaf etmiş ölkələrdə baxırıq ki, əksəriyyətində şagirdlər vahid geyim formasından istifadə edirlər. O cümlədən müəllimlər də.

Bizim ölkədə neçə ildir ki, vahid geyim formasından istifadə olunur. Amma faktiki olaraq sonuncu qərarda tələbdir ki, hamı bu geyimdən istifadə etməlidir. Eyni zamanda, dövlətin müəyyən etdiyi qərarlara vətəndaşların da əməl etməsi lazımdır. Yaxşı olardı ki, əvvəl makiyajla, uzun dırnaqla təhsil müəssisəsinə gedirdilərsə, artıq onlar hamısı yığışdırılmalıdır".

Onun sözlərinə görə, eyni zamanda kiminsə geyiminə, davranışına qarışılmır:

"Sadəcə, təhsil müəssisəsində vahid geyimdən istifadə olunmalıdır. Tələblərə riayət olunmalıdır. Dərsdən sonra kim hansı istiqamətdə geyim geyinir, bunu edə bilər. Amma ümumilikdə təhsil müəssisəsində hər kəs vahid və bərabər olmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən