"Yad ideoloji təsirlərə qarşı güclü immunitetimiz olmalıdır” - Jalə Əliyeva

 17:40 12.10.2026     67

“Müasir dövrdə təhsil yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, həm də gənc nəslin dünyagörüşünün, milli-mənəvi dəyərlərinin, vətəndaşlıq mövqeyinin və cəmiyyətə münasibətinin formalaşdığı mühüm ictimai institutdur. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji təhlükəsizliyin əhəmiyyətini xüsusi vurğulaması da məhz bu baxımdan mühüm mesajdır. Dövlət başçısının qeyd etdiyi kimi, ideoloji risklər sərhəd tanımır və xüsusilə internet, sosial media, kiberhücumlar və süni intellekt dövründə cəmiyyətin bu təsirlərdən qorunmasında təhsil və vətənpərvərlik mühüm rol oynayır”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva səsləndirdi. 

Onun fikrincə, bu kontekstdə ümumi təhsil müəssisələrində vahid məktəb geyiminin tətbiqi yalnız geyim məsələsi kimi qiymətləndirilməməlidir:

"Məktəb geyimi ilk növbədə təhsil mühitində nizam-intizamı, səliqəni, məktəb mədəniyyətini və şagirdlər arasında bərabərlik prinsipini gücləndirən vasitələrdən biridir. Şagirdin məktəbə hansı markalı geyimdə, hansı qiymətə alınmış paltarda gəlməsi deyil, onun biliyi, davranışı, istedadı və məktəb həyatında fəallığı ön plana çıxmalıdır. Vahid geyim sosial fərqlərin təhsil mühitində daha az nəzərə çarpmasına imkan yaradır. Maddi imkanları müxtəlif olan ailələrin uşaqlarının eyni məktəb formasında olması uşaqlar arasında müqayisə, nümayiş və sosial təzyiq hallarının azalmasına xidmət edə bilər. Bu baxımdan vahid məktəb geyimi həm də sosial ədalət və bərabər imkanlar anlayışının gündəlik məktəb həyatında görünən ifadəsidir”.

Deputatın sözlərinə görə, digər tərəfdən, məktəb forması şagirdə məktəb mühitinin özünəməxsus qaydalarının olduğunu xatırladır:

"Forma uşağın fərdiliyini və şəxsiyyətini aradan qaldırmır, əksinə, məktəbin ümumi nizamına və kollektiv mədəniyyətinə aidiyyət hissini möhkəmləndirir. Məktəbə məxsusluq, məsuliyyət, intizam, səliqə və kollektiv davranış vərdişlərinin formalaşması da təhsilin tərkib hissəsidir".

Millət vəkili əlavə etdi ki, xüsusilə dünyada müxtəlif ideoloji təsirlərin, sosial media trendlərinin və yad həyat tərzlərinin uşaqların və yeniyetmələrin dünyagörüşünə sürətlə təsir etdiyi bir dövrdə məktəbin öz dəyərlər sistemi və daxili mədəniyyəti daha böyük əhəmiyyət daşıyır:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, ideoloji təhlükələrə qarşı ən mühüm müdafiə vasitələrindən biri savadlı, bilikli və vətənpərvər nəsil yetişdirməkdir. Vahid məktəb geyimi də bu böyük məqsədin yalnız kiçik, lakin görünən elementlərindən biri kimi dəyərləndirilə bilər. Burada mühüm məqam ondan ibarətdir ki, vahid məktəb geyimi dini və ya hər hansı digər ideoloji simvolun təhsil mühitində ön plana çıxarılmasını deyil, dünyəvi, müxtəlif dünyagörüşlərinə açıq və bütün şagirdlər üçün bərabər məktəb mühitinin qorunmasını təmin etməlidir. Azərbaycan məktəbi milli dövlətçilik, dünyəvilik, elm, təhsil və vətənpərvərlik prinsipləri üzərində qurulan bir məktəbdir. Bu prinsiplərin qorunması uşaqların gələcəkdə müstəqil düşünən, savadlı və dövlətinə bağlı vətəndaşlar kimi yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vahid məktəb geyimi sadəcə forma deyil. Bu, məktəbin nizamının, bərabərlik prinsipinin, kollektiv məsuliyyətin və təhsil mühitinə hörmətin simvollarından biridir. Əsas məsələ isə formanın özündən daha böyükdür: məqsəd savadlı, milli düşüncəyə malik, dünyəvi dəyərləri mənimsəmiş, yad ideoloji təsirlərə qarşı güclü immuniteti olan və Vətəninə bağlı gənc nəsil yetişdirməkdir. Bu baxımdan məktəb geyimi təhsil siyasətinin ümumi fəlsəfəsi daxilində nizam-intizamı və birlik hissini gücləndirən mühüm vasitələrdən biri kimi qiymətləndirilməlidir”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən