“Namus və əxlaq yalnız hicabla ölçülmür” - Esmira Fuad

 13:27 13.10.2026     88

“Mənim orta məktəbdə oxuduğum illər sovet dövrünə təsadüf edib. Yəni o dövrün gənc, lap yeniyetmə nəslinin nümayəndəsiyəm. 1975-ci ildə orta məktəbi bitirmişəm. O vaxt bizim iki məktəbli formamız var idi. Qışda qalın materialdan tikilmiş tünd-mavi rəngli məktəbli forması geyinirdik. O, qara, yaxud ağ önlükdən ibarət idi. Qollarında və yaxasında naxışlı parçalardan istifadə olunurdu. Yayda isə isti aylara uyğun olaraq bir qədər nazik parçadan tikilmiş, eyni ilə ağ önlük və qara məktəbli paltarı, yaxud da ətək geyinirdik. Nə həddindən artıq qısa, nə də dizdən çox aşağı uzunluqda idi. Orta uzunluqda vahid məktəbli forması var idi. Hər kəs pioner olduqda pioner qalstuku taxardı. Oktyabr ayında lap kiçik yaşlı məktəblilər “oktyabryat” nişanı, daha sonra isə “komsomol” nişanı taxırdılar. Yəni bu, vahid sistem, vahid tələb idi. Bütün məktəblərdə, ümumi təhsil və natamam orta təhsil müəssisələrində vahid qayda tətbiq olunurdu. Bundan kənara çıxmaq mümkün deyildi. Məktəbə başqa forma geyinə bilməzdin”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad səsləndirdi.

“Təbii ki, bu gün də dünyəvilik prinsiplərinə əsaslanan vahid məktəbli formasının şagirdlərə əks təsir göstərəcəyinə inanmıram. Əksinə, onların arasında ayrı-seçkilik, birinin digərindən üstün görünməsi məsələsi arxa plana keçir və yox dərəcəsinə endirilir. Eyni zamanda, müəllimlərin də məktəb siniflərinə, sinif otaqlarına uyğun olaraq, şagirdlərin qarşısına çıxacaq səviyyədə geyimlərdən istifadə etməsinin tərəfdarıyam.

Son günlərdə baş verən bu hadisələrin, etirazların, demək olar ki, fikir ayrılıqlarının yaranmasında müdaxiləçi, Azərbaycanı istəməyən, düşmən dəyirmanına su tökən qüvvələrin dəstəyinin olduğunu düşünürəm. Yəni bu, təkbaşına onların məsələsi deyil. Müəyyən məsələlər də var ki, biz onları aça bilmirik. Mən çox istərdim ki, hicab məsələsi bu dərəcədə üzə çıxarılmayaydı. Çünki bizim o qədər dəyərlərimiz var ki... Son vaxtlar qazandığımız uğurlar, qələbəmiz, Azərbaycan torpaqlarının əsirlikdən azad olunması və bütövləşməsi bir çoxlarının gözündə ox kimi batmaqdadır. Yəni bu hicabın tərəfdarı olan o kişilər və yaxud da qadınlar, o qüvvələr bu qədərmi işğal altında olan torpağın sakinləri olaraq yaşamağı daha üstün sayırdılar? Hicab məsələsinin bu dəyərlərimizdən önə çıxarılması nə dərəcədə doğrudur? İnsan qələbə sevincini ifadə edəndə dili pörşələnirdi. İşğal olunmuş rayonlarımızın, Qarabağ torpaqlarının hər dəfə hissə-hissə, kənd-kənd, oba-oba, şəhər-şəhər, rayon-rayon azad olunduğunu televiziya ekranlarının qarşısında nəfəs çəkmədən dayanıb dinləyirdik. Hər dəfə ölkə başçısı, Ali Baş Komandan elan edəndə ki, Cəbrayıl azad olundu, Zəngilan azad olundu, nə bilim, Füzuli azad olundu, kəndlərimiz azad olundu və ən sonda “Şuşa, sən azadsan”, bu, dəyəri sözlə ölçülə bilməyəcək dərəcədə olan bir sevinc idi. Nə tez unutduq onları?

Mən hər dəfə ölkə xaricində beynəlxalq konfranslarda və simpoziumlarda iştirak edən bir ədəbiyyat adamıyam. Amma ölkəmin tarixində nə qədər şərəfli səhifələr olsa da, 2020-ci ilin 8 noyabr tarixinə qədər, 27 sentyabr tarixinə qədər mən məğlub ölkənin vətəndaşı kimi dilim qısa idi. Həqiqətən də, alnımda o qara damğanı hiss edirdim. Yəni din adı altında olanlara, fanatiklərə deyərdim: erməni əsirliyində olan qadınlarımıza erməni vandallarının, o cəllad ermənilərin törətdikləri təcavüzlər, atalarının, qardaşlarının gözü qarşısında o sağlam, tərtəmiz, günahsız, saf mələklər olan qızların və həyalı gəlinlərimizin alçaldılması onların qüruruna toxunmurdu? Müsəlman dünyası demirikmi, İslam demirikmi? Biz başqa bir dinəmi sitayiş edirik? Axı bizim də dinimiz İslam dinidir. Allahımıza, Qurani-Kərimimizə, peyğəmbərimizə inamımız sabitdir, bütövdür! Hər günümüzə “Ya Allah” deyərək başlayırıq. Hər zaman da Allahımıza dualarla hər hansı bir işimizin həyata keçirilməsini, yerinə yetirilməsini diləyirik, əllərimiz Ona doğru açılır. Necə ola bilər ki, təkcə namus, əxlaq, Allaha itaət hicabla ölçülsün? Mənim tanıdıqlarım var, Məşhəddə olublar, Kərbəlada olublar, hətta ümrə ziyarətinə gediblər. O qədər sadiq, Tanrının sadiq qullarıdırlar, amma hicab örtmürlər, bürünməyiblər də. Amma imanları, inancları bütövdür. Onların müdrik düşüncələrinin şahidi oluram və onları dinləməkdən zövq alıram. Amma hər halda, dodağı, üzü, gözü kosmetik əməliyyatlı, dırnaqları boyalı və uzun-uzun dırnaqlarla hicabı örtərək sosial şəbəkələrdə alovlu, ağzı köpüklənə-köpüklənə çıxış edən o hicablılardan heç də az inanc sahibi deyillər”, - deyə o bildirdi.

Müsahibimiz vurğuladı ki, qurunun oduna yaşı yandırmayaq:

“Bu ölkə, dövlətimiz dünyəvi dövlətdir. Onun öz qaydaları, öz qanunları var. Qanunlarla idarə olunan müstəqil dövlətdir. Yəni qanun şahdır, qanun alidir. Bunu hər kəs başa düşməlidir. O qanundan çıxmaq istəyənlər anlamalıdırlar. Düzdür, müəyyən neqativ hallar var. Qazilərimizə, əsgərlərimizə və yaxud da hər hansı bir kasıb təbəqənin nümayəndələrinə, müəyyən imtiyazlı təbəqələrin də nataraz hərəkətlərinə şahid oluruq. Amma bu, onların hər hansı göstərişlə deyil, hər kəsin öz boyu bərabərində danışması ilə bağlıdır. Təbii ki, hər kəs öz ləyaqətini, tərbiyəsini, xalqa olan sevgisini, mərdliyini, nümunəviliyini nümayiş etdirir. Atalar deyib: “Keçini keçi ayağından, qoyunu qoyun ayağından asarlar”. Demək ki, hicabsız gəzənlərin ərlərinə, özlərinə təhqiramiz ifadələr işlətmək doğru deyil. Bəlkə də mənim inamım daha yüksəkdir, inancım daha kamildir. Bunu haradan bilə bilərsiniz? Hər kəsin inamı öz içindədir. O, nümayiş olunmur. Tanrı o nümayişi sevmir. Əksinə, hicabla çıxıb nümayiş qarşısında hayqırmaq, hərəkətlərdə bulunmaq doğru deyil. Mən bunu doğru saymıram”.

Esmira Fuad qeyd etdi ki, əsl hicablılar həmin mədəniyyəti daşıyan insanlar olmalıdır:

“Xalqın gözü tərəzidir. Kimin nə olduğunu hamı görür. Təbii ki, hər birimizin əməlləri sağ və sol çiyinlərimizdə yazılır. Tanrı ikiüzlülüyü sevmir. Tanrı deyir ki, mənə sadiq inam göstər, mənə sadiq, ürəkdən bağlan. Tanrı heç hər gün, hər il Aşurada zəncir vurub baş yarmağı, qan tökməyi qəbul eləmir. Tanrı bunu sifariş verməyib ki. Tanrı Onun əmanət etdiyi bədənə xətər yetirməyi əmr eləməyib ki. Əksinə, qan tökməyin əleyhinədir. Quranımızda yazılanlar, peyğəmbərimizin də göstərdikləri bunu təsdiqləyir. Təbii ki, peyğəmbərimiz də, Quran da hicabı və ümumiyyətlə, örtünməyi, eləcə də namaz qılmağı könüllülük prinsipi əsasında insanlara təqdim edib. Burada məcburiyyət olmamalıdır. Amma mən hələ məktəb yaşına çatmayan körpələrin hicaba bürüdülməsinin əleyhinəyəm. O uşaq uşaqlığını yaşamalıdır. O dünyada, o örtülü dünyada nə görəcək, necə uşaqlıq yaşayacaq? Yəni bunu valideyn düşünmürmü? Hansısa bir marağa görə övladının duyğu və düşüncələrini qurban vermək olar? Bu hansı kitaba sığır? Heç kimin heç kəsi təhqir etmək, aşağılamaq, inancına görə onu qınamaq səlahiyyəti yoxdur. Bu, Tanrı tərəfindən də qəbul olunmazdı. Tanrının tövbə qapısı açıqdır. Tanrıya uzanan yollar da, Ona edilən duaların yolu da açıqdır. Tanrı kimin ürəkdən, sidq-ürəkdən Ona bağlı olduğunu, kimin də saxtakarlıq edərək nələrinsə xatirinə, hansı qüvvələrin dəyirmanına su tökdüyünü yaxşı bilir. Qiyamət günü dediyiniz o gün gələcək və həmin gün hər kəs öz əməlinə görə cavab verəcək”.

Filologiya elmləri doktoru fikrini belə yekunlaşdırdı:

“Əsrin əvvəllərində Mirzə Cəlillər, Üzeyir Hacıbəylilər, Mollanəsrəddinçilər, Sevillər, Almazlar bu örtükdən xilas olmaq, təhsilə, elmə, humanist biliklərə yiyələnmək uğrunda mübarizə meydanına atılırdılar. Bəs bu gün bizim kütləvi şəkildə bürünməyə doğru getməyimiz doğrudurmu? Mən hər kəsi müəyyən edilmiş qaydalara əməl etməyə çağırıram. Bu qaydalara əməl etmək hər bir Azərbaycan vətəndaşının, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, borcudur, vətəndaşlıq borcudur”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən