“Tağıyevin qızlar məktəbində də vahid geyim olub, hicab olmayıb” - AMEA-nın şöbə müdiri
“Azərbaycan dünyəvi dövlətdir. Din isə dövlətdən ayrıdır. Ona görə də dövlətin qoyduğu qanun-qaydalara əməl etmək lazımdır”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Tofiq Mustafazadə səsləndirdi.
O hesab edir ki, məktəblərdə hicabla bağlı məsələni bu şəkildə və qəfil qərarla həll etmək düzgün deyildi:
“Sadəcə, bu məsələni birdən-birə, bu şəkildə etmək lazım deyildi. Əvvəlcə direktorlara tapşırmaq olardı ki, onlar hicablı müəllimələrlə söhbət etsinlər, dövrün tələblərindən danışsınlar. Belə qəfil əmr verildiyi üçün bu qədər sui-istifadə halları, etirazlar və çıxışlar oldu. Dini özünə alət edənlər danışmağa başladılar.
Burada söhbət dindən getmir, hər kəs öz dininə etiqad edir. Məsələ vahid məktəbli formasıdır. Bu, həmişə belə olub.
Hətta Hacı Zeynalabdin Tağıyev qızlar məktəbini açanda orada qızlar və müəllimlər eyni formada idilər. Heç hicab yox idi. Halbuki nəzərə alsaq ki, o dövrdə din daha güclü idi.
Digər nümunə Mustafa Kamal Atatürkün dövrüdür. O zaman da dünyəvi dövlət quruldu. Yəni bu kimi hallar normaldır. Amma bu məsələni bir qədər fərqli üsulla həyata keçirmək lazımdır ki, sonda belə nəticələr yaranmasın”.
Xədicə BAXIŞLI













