Uşaqların həyatını təhlükəyə atan zorakılığa heç nə haqq qazandıra bilməz - Müəllimdən ÇAĞIRIŞ

 12:25 14.10.2026     151

"Bir müəllim, həm də valideyn olaraq son günlər baş verən hadisələri böyük narahatlıq və təəssüf hissi ilə izləyirəm. Xüsusilə dünən məktəbə daş atılması nəticəsində şagirdlərin xəsarət alması məni çox sarsıtdı. Məktəb uşağın özünü ən təhlükəsiz hiss etməli olduğu yerlərdən biridir. Əgər uşaq dərs zamanı öz təhlükəsizliyindən narahat olursa, artıq burada çox ciddi bir problemdən danışırıq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi. Onun sözlərinə görə, cəmiyyətdə müəyyən məsələlərlə bağlı fikir ayrılıqları, narazılıqlar ola bilər:

"İnsanların öz mövqeyini ifadə etmək hüququ var. Ancaq heç bir narazılıq məktəbə hücuma, müəllimlərin təhdid edilməsinə, ən əsası isə uşaqların həyatının və sağlamlığının təhlükəyə atılmasına haqq qazandıra bilməz. Məni ən çox düşündürən məsələlərdən biri də bu hadisələrin uşaqlara verdiyi mesajdır. Biz onlara hər gün problemləri zorakılıqla deyil, dialoqla həll etməyi öyrədirik. Bəs böyüklər olaraq öz davranışlarımızla hansı nümunəni göstəririk? Unutmamalıyıq ki, uşaqlar bizim dediklərimizdən daha çox etdiklərimizi öyrənirlər".

Müsahibimiz hesab edir ki, belə halların qarşısının alınması üçün həm məktəblərin təhlükəsizliyi gücləndirilməli, həm də valideynlərlə sağlam dialoq davam etdirilməlidir:

"Hadisələr obyektiv araşdırılmalı, xəsarət alan uşaqların həm fiziki, həm də psixoloji vəziyyəti diqqətdə saxlanılmalıdır. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm: məktəb heç vaxt qarşıdurma meydanına çevrilməməlidir. Bizim böyüklər olaraq fikir ayrılıqlarımız ola bilər, amma bu fikir ayrılıqlarının əziyyətini uşaqlar çəkməməlidir. Çünki onların təhlükəsizliyi və təhsil almaq hüququ hər birimiz üçün bütün mübahisələrdən üstün olmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən